DÇ-2018: Portuqaliya-İspaniya matçı heç-heçə başa çatıb

İyunun 15-də futbol üzrə XXI dünya çempionatının “B” qrupunda ilk tura yekun vurulub. SİA-nın məlumatına görə, Soçidə “Fişt Olimpiya” stadionunda çempionatın favoritlərindən sayılan İspaniya və Portuqaliya milliləri qarşılaşıblar.
İtaliyalı referi Canluka Rokkinin idarə etdiyi qarşılaşmada Portuqaliya millisi erkən qolla hesabı açıb. Qarşılaşmanın 4-cü dəqiqəsində Kriştiano Ronaldo 11 metrlik cərimə zərbəsindən fərqlənərək hesabı açıb. Qoldan iyirmi dəqiqə sonra Dieqo Kosta iki müdafiəçinin arasından dəqiq zərbə ilə hesaba tarazlıq gətirib -1:1. Birinci hissənin bitməsinə bir dəqiqə qalmış K.Ronaldo dublun rəsimləşdirib - 2:1.
İlk hissə Portuqaliya yığmasının 2:1 hesablı üstünlüyü ilə başa çatıb.
Qarşılaşmanın ikinci hissəsində üstün oyun nümayiş etdirən İspaniya yığması matçın 55-ci dəqiqəsində hesaba tarazlıq gətirib. Ev tapşırığını Dieqo Kosta dəqiq zərbə ilə yekunlaşdırıb - 2:2. Oyunun 58-ci dəqiqəsində Portuqaliya millisinin müdafiəçilərinin cərimə meydançasında qaytardığı topu Naco Fernandes baxımlı qola tamamlayıb - 2:3. Matçın sonuna iki dəqiqə qalmış Ronaldo cərimə zərbəsindən birbaşa qapıya endirdiyi dəqiq zərbə ilə Portuqaliya millisinin bərabərliyini rəsimləşdirib - 3:3.
Xatırladaq ki, “B” qrupunun digər oyununda İran yığması Mərakeş milli komandasına 1:0 hesabı ilə qalib qəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə