Uruqvay millisi Misir yığmasını məğlub edib

İyunun 15-də Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının ikinci gününə "A" qrupunda yer alan Misir və Uruqvay millilərinin qarşılaşması ilə start verilib. SİA-nın məlumatına görə, "Yekaterinburq Arena"da oynanılan görüş Uruqvay yığmasının minimal hesablı qələbəsi ilə başa çatıb.
Misir millisinin əsas qol silahı Məhəmməd Salahın zədə üzündən meydana çıxmaması bu komandanın oyununa təsir göstərib. Belə ki, əsasən müdafiəyə üstünlük verən komanda rəqibini əks-hücumlarda yaxalamağa çalışıb.
Komandaların qarşılıqlı səylərinə baxmayaraq, ilk hissə qolsuz heç-heçə ilə başa çatıb.
Uruqvay millisinin tarixində ən çox qol vuran iki futbolçu - Luis Suares (51) və Edinson Kavani (42) bir neçə əlverişli imkandan istifadə edə bilməyiblər. Lakin buna baxmayaraq, matçın son dəqiqələrində hücumların sayını daha da artıran Uruqvay yığması istəyinə nail olub. Oyunun 89-cu dəqiqəsində Uruqvay millisinin sağ cinahdan yerinə yetirdiyi cərimə zərbəsindən sonra hava ötürməsini başla "doqquzluğa" göndərən müdafiəçi Xose Ximenez komandasına vacib qələbə qazandırıb - 1:0.
Bu qrupun və çempionatın ilk oyununda ev sahibi Rusiya yığması Səudiyyə Ərəbistanı millisini 5:0 hesabı ilə məğlub edib.
Beləliklə, ilk turdan sonra "A" qrupuna 3 xalla Rusiya millisi başçılıq edir. Uruqvay yığması rusiyalılarla eyni xalı toplasa da, top fərqinə görə ikinci sıradadır. Aktivlərində xal olmayan Misir üçüncü, Səudiyyə Ərəbistanı isə sonuncu pillədədir.
İkinci turda Uruqvay Səudiyyə Ərəbistanı, Misir isə Rusiya ilə qarşılaşacaq.
Xatırladaq ki, iki dəfə dünya çempionu olan Uruqvay yığması (1930 və 1950) indiyədək 12 mundialda çıxış edib.
Misir yığması isə 1934-cü və 1990-cı illərdəki mundiallardan sonra üçüncü dəfədir dünya çempionatlarında iştirak hüququ qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə