DÇ-2018: Argentina yığması - DOSYE

Rusiyada keçiriləcək futbol üzrə XXI dünya çempionatının startına 20 gün qalır. Bugünkü dosyemiz mundialın növbəti iştirakçısı Argentina haqqındadı.

Argentina

FİFA sıralaması: 5-ci yer

Dünya çempionatlarında iştirak sayı: 16 (1930, 1934, 1958, 1962, 1966, 1974, 1978, 1982, 1986, 1990, 1994, 1998, 2002, 2006, 2010, 2014)

Dünya çempionatlarında oyun sayı: 77 (42 qələbə, 14 heç-heçə, 21 məğlubiyyət)

Vurulan-buraxılan qol sayı: 131-84

Ən yaxşı nəticə: Çempionluq (1978, 1986)

Dünya çempionatlarında ən çox oyun keçirən argentinalı futbolçu: Dieqo Maradona – 21 oyun (1982, 1986, 1990, 1994)

Dünya çempionatlarında ən çox qol vuran argentinalı futbolçu: Qabriel Batistuta – 10 qol (1994 (4), 1998 (5), 2002 (1) )

Nə qədər təəccüblü səslənsə də, Argentina millisi təsnifat mərhələsinin yalnız sonuncu günündə mundiala vəsiqəni təmin edə bildi. Açılış matçında doğma meydanda Ekvadora 0:2 hesabı ilə uduzan “Albiseleste” yekunda məhz elə Ekvadora səfərdə qalib gələrək – 3:1 – Rusiyaya “bilet” qazandı. Argentinanın mundial yolunu “dram” adlandırmaq olar. Təsadüfi deyil ki, cənubi amerikalılar 1970-ci ildən sonra ilk dəfə dünya çempionatına qatılmamaq təhlükəsi ilə üz-üzə idilər. Həmçinin, 18 oyunda 19 qol vuran Argentina bu müddətdə 3 baş məşqçi dəyişdi.

DÇ-2018-ə aparan yol: Həlledici məqamlar

2015-ci il, oktyabr

Lionel Messinin zədə səbəbindən buraxdığı açılış matçında Argentina doğma meydanda Ekvadora 0:2 hesabı ilə uduzaraq, seçmə mərhələyə bərbad başlanğıc edir.

2016-cı il, noyabr

Amerika kubokunun finalında Çiliyə məğlubiyyətdən sonra Messi yığmadakı karyerasını bitirdiyini açıqlayır. Lakin çox keçmədən Leo fikrini dəyişir.

2017-ci il, mart

Çili ilə oyunda yan xətt hakimini təhqir etməkdə təqsirləndirilən Lionel Messi 4 matçlıq diskvalifikasiya olunur. Boliviya ilə oyundan sonra FIFA qərarı ləğv etdi.

2017-ci il, oktyabr

Ekvadorla oyun Argentina üçün həyati önəm daşıyırdı. 41-ci saniyədə hesabda geri düşmələrinə baxmayaraq, Messi ön plana çıxdı və etdiyi het-triklə komandasının mundiala vəsiqəsini təmin etdi.

Dünya çempionatına hazırlıq

Mundiala hazırlıq məqsədilə iki yoldaşlıq görüşü keçirən Argentina yığması İtaliyaya 2:0 qalib gəlib, İspaniya ilə oyunda isə 1:6 hesablı darmadağın qeydə alınıb.

Dünya çempionatında

Argentina millisi dünya çempionatında İslandiya, Xorvatiya və Nigeriya ilə birlikdə D qrupunda mübarizə aparacaq. Sampaolinin yetirmələri ilk matçlarını İslandiyaya qarşı keçirəcəklər. Ardınca “Albiseleste” Xorvatiya ilə münasibətlərinə aydınlıq gətirəcək. Nəhayət, qrup mərhələsinin sonuncu oyununda Argentina Nigeriya ilə üz-üzə gələcək.

Ulduz

Lionel Messi: 30 yaş (24.06.1987)

Tarixin ən güclü futbolçularından biri hesab olunan Lionel Messi 5 dəfə “Qızıl top” mükafatına layiq görülüb. Karyerası ərzində müxtəlif turnirlərin qalibi olan Leonun kolleksiyasında dünya çempionluğu əskikdi. 4 il öncə titula çox yaxınlaşan Messi bu səfər ən böyük arzusunu Rusiyada reallaşdırmağa çalışacaq. DÇ-2018 30 yaşlı futbolçunun sayca 4-cü mundialı olacaq.

Baş məşqçi

Xorxe Sampaoli: 58 yaş (13.03.1960)

2017-ci ilin 20 mayında Argentina Futbol Assosiasiyası Xorxe Sampaolinin Argentina yığmasının yeni baş məşqçisi olacağını açıqladı. Təcrübəli mütəxəssis iyun ayından etibarən rəsmi olaraq işinin icrasına başladı. Onun yığmanın baş məşqçisi kimi ilk matçında Argentina Avstraliyada oynanılan hazırlıq matçında Braziliyanı 1:0 hesabı ilə məğlub etdi. Təsnifat mərhələsi ərzində millini çalışdıran üçüncü məşqçi olan Sampaoli komandanı son anda da olsa, mundiala çıxara bildi. 58 yaşlı mütəxəsis daha öncə Çili yığması ilə Amerika kubokunun qalibi adını qazanıb.

Dünya çempionatı

Qrup mərhələsi

D qrupu

16 iyun

17:00. Argentina – İslandiya

“Spartak” stadionu, Moskva

21 iyun

22:00. Argentina – Xorvatiya

Nijni Novqorod şəhər stadionu, Nijni Novqorod

26 iyun

22:00. Nigeriya – Argentina

Sankt-Peterburq şəhər stadionu, Sankt-Peterburq

İştirak ərizəsi

Qapıçılar: Villi Kabalyero (“Çelsi”), Franko Armani (“River Pleyt”), Nauel Qusman (“Tiqres”);

Müdafiəçilər: Qabriel Merkado (“Sevilya”), Federiko Fazio (“Roma”), Nikolas Otamendi (“Mançester Siti”), Kristian Ansaldi (“Torino”), Markos Roxo (“Mançester Yunayted”), Nikolas Talyafiko (“Ayaks”), Markos Akunya (“Sportinq”);

Yarımmüdafiəçilər: Ever Baneqa (“Sevilya”), Xavyer Maskerano (“Hebey Çayna Forçun”), Eduardo Salvio (“Benfika”), Lukas Bilya (“Milan”), Anxel Di Mariya, Covanni Lo Selso (hər ikisi PSJ), Manuel Lanzini (“Vest Hem”), Maksimiliano Mesa (“İndependiente”), Kristian Pavon (“Boka Xuniors”);

Hücumçular: Lionel Messi (“Barselona”), Serxio Aquero (“Mançester Siti”), Qonsalo İquain, Paulo Dibala (hər ikisi “Yuventus”).

Bütün xəbərlər Facebook səhifəmizdə