Mövsümün ən yaxşı futbolçusu seçilib

Azərbaycanda ilk dəfə oyunçular arasında səsvermə yolu ilə 2017/2018 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib. SİA-nın məlumatına görə, İdman Araşdırmalar Mərkəzinin keçirdiyi sorğuya adları Peşəkar Futbol Liqasının rəsmi saytında əsas komanadaların heyətində göstərilmiş 185 oyunçudan 133-ü, yəni 72 faizi qatılıb. “Qarabağ”ın 11, “Qəbələ”nin 21, “Neftçi”nin 17, “Zirə”nin 16, “Sumqayıt”ın 19, “Keşlə”nin 13, “Səbail”in 25, “Kəpəz”in isə 11 futbolçusu səs verib.

Respondentlər ümumilikdə 44 futbolçunu fərqləndiriblər. Yekunda “Sumqayıt”ın yarımmüdafiəçisi Cavid İmamverdiyev mövsümün futbolçusu seçilib. 28 yaşlı oyunçu 1 səs fərqi ilə "Qəbələ"nin hücumçusu, 13 qolla Premyer Liqanın bombardiri olan Baqali Dabonu qabaqlayıb. İmamverdiyev 17, Dabo 16 səs toplayıb.

Sonrakı iki yeri hərəyə 9 səs qazanan “Neftçi”nin yarımmüdafiəçisi Rəhman Hacıyevlə “Keşlə”nin pleymekeri Sezar Meza Kolli izləyib. Mirabdulla Abbasov (“Neftçi”), Riçard Almeyda və Qara Qarayev (hər ikisi “Qarabağ”) hərəyə 7 səs alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə