Real” azarkeşləri final biletlərini geri qaytarırlar

“Real Madrid” futbol klubunun 4 mindən çox azarkeşi “Liverpul” ilə keçiriləcək Çempionlar Liqasının final oyununa biletlərini geri qaytarmaq qərarına gəlib. “AS” nəşrinin yazdığına görə, buna Kiyevdə keçiriləcək matçın biletlərinin, hotellərin qiymətinin süni şəkildə qaldırılması və bəzi loqistika çətinlikləri səbəb olub. Daha əvvəl Kiyevin “Vesti” qəzetinin verdiyi məlumata görə, finala bir neçə ay qalmış bəzi yerli otellər qiyməti on dəfə artırıblar. Kiyevin Podolski rayonundakı “Harmony in Andreew descent” hotelində bir neçə ay əvvəl bir həftəlik gecələmə 200 dollara başa gəlirdisə, indi həmin məbləğ 7 min 300 dollardır.

Əvvəlcə 24 mindən çox klub abunəçisi İspaniya milli çempionatının rəhbərliyi tərəfindən təqdim olunmuş biletlər üçün ərizə verib. Lakin problem səbəbindən fanatlar biletləri geri qaytarmağa başlayıblar. Onlardan 12 min 802 azarkeş bilet alıb. Çempionlar Liqasının mayın 26-da Kiyevin “Olimpiyski” stadionunda keçiriləcək final matçında 35 min azarkeşin iştirakı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə