Neymar Jr’s Five futbol turnirinin Gəncə seçim mərhələsi başa çatıb - FOTOLAR

Gəncə şəhərində Neymar Jr’s Five futbol turnirinin seçim mərhələsi keçirilib. SİA-nın məlumatına görə, artıq üçüncü dəfədir ki, bu turnir ölkəmizdə baş tutur. Gəncə seçmələrində 41 komanda iştirak edib və Milli Finala vəsiqə uğrunda mübarizə aparıb. Turnirin qaydalarına əsasən Gəncə seçmələrindən Milli Finala iki komanda vəsiqə qazana bilərdi. "Topaz" və "Tərəqqi" komandaları da bu vəsiqələri qazandılar.

"Tərəqqi" komandasının kapitanl Həsənov Şərif bildirdib: “Turnir haqqında öyrənəndən sonra, dostlarımı yığdım və biz qatıldıq. 10 gün ərzində idman zallarında məşq edirdik, həvəsimiz var idi. Şükürlər olsun ki, finala kimi çatdıq və Milli Finala vəsiqə qazana bildik. Bakıya gedib uğur qazanmağa çalışacağıq”.

Qeyd etmək lazımdır ki, "Tərəqqi" komandasının bir neçə oyunçusu artıq keçənilki Milli Finalın iştirakçıları olublar.
AFFA-nın dəstəyi ilə Azərbaycanda keçiriləcək növbəti seçim mərhələləri Lənkəranda 26 may və Bakıda 1, 2, 3 iyun tarixlərində baş tutacaq. Milli final mərhələsi Bakıda 17 iyun tarixində keçiriləcək.

Neymar Jr’s Five “beşin beşə” qlobal futbol turniridir, dünyanın hər bir tərəfindən, ortaq həvəsləri futbol olan oyunçuları bir araya gətirir. 2017-ci ildə yarışda Azərbaycan da daxil olmaqla, 53 ölkəni təmsil edən, 100 000-dən artıq oyunçu iştirak edib. Bu il yarış daha böyük olacaq. 6 qitədən olan 60 ölkədə seçim mərhələlərinə artıq start verilib. Bu yarışlarda oyunçular öz ölkələrindəki finalda qalib titulunu qazanaraq, 21 iyulda Praya-Qrande, Projecto Neymar Jr-da, Braziliyada üçüncü dəfə keçiriləcək turnirin final mərhələsinə vəsiqə qazanmaq uğrunda mübarizə aparırlar.

Yarışda altı nəfərdən ibarət olan komandalar iştirak edə bilər. Oyunçulardan dördü 16-25 yaş arası, digər ikisi isə 25 yaşdan böyük ola bilər. Qeydiyyatdan keçmək üçün - https://win.gs/neymarjrsfiveaze ünvanına daxil olmaq olar.

Bütün xəbərlər Facebook səhifəmizdə