İki güləşçimiz Avropa çempionatının yarımfinalına yüksəlib

Makedoniyanın Skopye şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir. SİA-nın məlumatına görə, beşinci yarış günündə 48, 55, 65, 80 və 110 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri yarışırlar.

Çempionatda 55 kiloqram çəkidə mübarizə aparan Murad Abbasov ardıcıl olaraq Gürcüstan və Ermənistan təmsilçilərinə qalib gəlib və yarımfinala yüksəlib.

Ağır çəkidə təmsilçimiz Sərxan Məmmədov isə Yunanıstan və Macarıstandan olan rəqiblərini üstələyərək yarımfinala adlayıb.

Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Qeyd edək ki, Avropa çempionatı oktyabrın 12-dən 14-dək Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Belə ki, yunan-Roma güləşi üzrə 45, 51, 60, 71 və 92 kiloqram, sərbəst güləş üzrə 48, 55, 65, 80 və 110 kiloqram çəkidə çempion olacaq güləşçilər, qadın güləşi üzrə isə 43, 49, 57, 65 və 73 kiloqram çəkidə 3 idmançı olmaqla finalçılar və 1 nəfər üçüncü yerin sahibi Olimpiya Oyunlarına birbaşa vəsiqə qazanacaq. Reqlamentə əsasən qazanılmış lisenziyaların sayından asılı olmayaraq, hər bir ölkə hər bir güləş növü üzrə maksimum 2 idmançı ilə təmsil oluna bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə