Bakıda Sosial Futbol Məktəbinin açılış mərasimi keçirilib FOTO

Bakıda Realmadrid Fondunun sosial futbol məktəbinin açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasim Olimpiya Növləri üzrə Milli Komandalar üçün Təlim-Məşq Mərkəzində baş tutub. Tədbirdə Realmadrdid Fondunun nümayəndələri – “Real Madrid” Futbol klubunun elçisi Rikardo Qalleqo və Realmadrid Fondunun Avropa regionu üzrə baş meneceri xanım Elena Fernandez iştirak edib.

Mərasimdə iştirak edən Gənclər və İdman Naziri Azad Rəhimov ölkəmizdə futbolun inkişafının daim dəstəkləndiyini bildirib. O, qeyd edib ki, belə bir məktəbin açılışı Azərbaycan uşaq futbolunun inkişafı üçün çox önəmlidir: “Real Madrid Futbol klubu dünyada öz uğurları və təcrübəsi ilə seçilir. Belə bir klubun məktəbində futbol dərsləri almaq hər bir uşağın inkişafı və gələcək karyerası üçün uğurlu addımdır”.

Futbol klubunun elçisi Rikardo açılış mərasimindəki çıxışında 5 illik əməkdaşlıqdan məmnunluq duyduğunu deyib: “Gənclər və İdman Nazirliyi, “İnkişaf naminə idman” İB və Realmadrid Fondu bir komandadır. Bu sosial komanda Azərbaycanda uşaqların gələcəyini formalaşdırmaq üçün çalışır. Biz öz çempionluğumuzu, birlikdə dünyanı daha yaxşı yerə çevirəcək, hörmət, motivasiya, çalışqanlıq, bərabərlik, sağlamlıq, əməkdaşlıq, məsuliyyət və həmrəyliyə əsaslanan çempionluğumuzu qazanmalıyıq”.

Realmadrid Fondunun sosial futbol məktəbi layihəsi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə əməkdaşlıq nəticəsində reallaşdırılır. Əsas icraedici tərəfdaş isə İnkişaf Naminə İdman İctimai Birliyidir. Realmadrid Fondunun sosial futbol məktəbinin əsas məqsədi ölkədə futbolun inkişafı və kütləviliyinə dəstək verməkdir.

Sosial Futbol Məktəbində 4 yaş qrupu üzrə - (7/8, 9/10, 11/12 və 13/14) komandalarda təxminən 80 uşaq məşqlərə cəlb olunur. Məşqlər həftədə iki dəfə - 4 və 6-cı günlər, 267 saylı məktəbin və "Pioner" Futbol Məktəbinin meydançalarında keçirilir. Məşqlər ödənişsizdir.

Qeyd edək ki, Realmadrid Fondunun sosial futbol məktəbi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Fondun 2013-cü il tarixində imzalanmış “Əməkdaşlıq Müqaviləsi” çərçivəsində yaradılıb. İlk layihə uğurlu nəticə göstərdiyinə görə 2018-ci ilin yanvar ayında yeni müqavilə imzalanıb.

Realmadrid Fondunun Azərbaycandakı sosial futbol məktəbi MDB məkanında birinci, Avropada 8-ci olaraq yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə