YAÇ-2018: Şahanə Nəzərova Olimpiadaya lisenziya qazanıb

Makedoniyanın Skopje şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir. SİA-nın məlumatına görə, üçüncü yarış günündə 43, 49, 57, 65 və 73 kq çəki dərəcələrində yeniyetmə qızlar yarışıb. Bu çəkilərdə finala yüksələn idmançılar və 1 nəfər üçüncü yerin sahibi (hər çəkidə 3 nəfər olmaqla) Argentinanın Buenos Ayres şəhərində keçiriləcək yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziyanı da təmin etmiş olacaq.
Yığmamız 4 çəkidə idmançı ilə təmsil olunub.
Güləşçilərimizdən Şahanə Nəzərova (43 kq) ardıcıl olaraq Bolqarıstan və Fransa, Nigar Mirzəzadə (65 kq) isə Latviya və Belarus idmançılarını məğlub edərək yarımfinala yüksəlib.

Yarımfinalda Rusiya idmançısına da heç bir şans verməyən Şahanə həm çempionatın finalına yüksəlib, həm də Olimpiya Oyunlarına vəsiqə qazanıb. Nigar Mirzəzadə isə yarımfinalda uduzaraq bürünc medal görüşünə haqq qazanıb.
Sevinc Əhədova (49 kq) isə təsəlliverici görüşə qatılacaq.
Final görüşləri bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Məlumat üçün bildirək ki, Avropa çempionatı 12-14 oktyabrda Argentinanın Buenos Ayres şəhərində keçiriləcək yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Belə ki, yunan-Roma güləşi üzrə 45, 51, 60, 71 və 92 kq, sərbəst güləş üzrə 48, 55, 65, 80 və 110 kq çəkidə çempion olacaq güləşçilər, qadın güləşi üzrə isə 43, 49, 57, 65 və 73 kq hər çəkidə 3 nəfər olmaqla finalçılar və 1 nəfər üçüncü yerin sahibi Olimpiya Oyunlarına birbaşa vəsiqə qazanacaq. Reqlamentə əsasən isə, qazanılmış lisenziyaların sayından asılı olmayaraq, hər bir ölkə hər bir güləş növü üzrə maksimum 2 idmançı ilə təmsil oluna bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...