AÇ-də yüksək nəticə qazanan karateçilərimizlə görüş keçirilib

Bu gün Gənclər və İdman Nazirliyində (GİN) karate üzrə Azərbaycan milli komandasının üzvlərinin Avropa çempionatında yüksək nəticələr qazanması ilə bağlı görüş keçirilib. SİA-nın məlumatına görə, tədbirdə GİN-nin İdman şöbəsinin müdiri Fərid Mansurov, Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov, federasiyanın viste-prezidenti Rəhman Hətəmov, baş katib Mirhəsən Seyidov məşqçi və idmançı heyəti iştirak ediblər.

Nazirliyin şöbə müdiri F.Mansurov karateçilərimizin Avropa çempionatında göstərdikləri nəticələri yüksək qiymətləndirib. O qeyd edib ki, karate olimpiya idman növü olandan sonra rəqabət daha da artıb. F.Mansurov 11-ci dəfə Avropa çempionu olan Rafael Ağayev və digər medal qazanan idmançılarımızı təbrik edib. Şöbə müdiri karateçilərimizin qarşıdan gələn yeniyetmələrin və böyüklərin olimpiadasına çoxlu lisenziyalar qazanacaqlarına əminliyini vurğulayıb.

AMKF-nin prezidenti Y.Bəşirov R.Ağayevin 11-ci dəfə Avropa çempionu olmasının böyük nəticə olduğunu, idmançımızın Madriddə keçiriləcək dünya çempionatında və Yay Olimpiya Oyunlarında da çempion olacağına inandığını ifadə edib.

Gənclər və İdman Nazirliyinin hər zaman federasiyaya dəstək olduğunu bildirən Y.Bəşirov Avropa çempionatında əldə olunan nəticələr haqqında danışıb: “Çempionatda iştirak edən 52 dövlət arasında bizim komandadan güclüsü yox idi. Ümumiyyətlə, bizim komanda çox güclüdür. Çalışacağıq ki, qələbələrin ardı gəlsin. Avropa çempionatı mayın 10-da başladı. Bu qələbələrimizi həmin tarixdə 95 illik yubileyi qeyd edilən Ulu Öndər Heydər Əliyevə həsr edirik. Prezidentimiz İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində Azərbaycan idmançıları böyük uğurlara imza atırlar. Karate dövlətimizin diqqət mərkəzindədir. Reytinq yarışlarında iştirak etmək lazımdır. Çünki Olimpiya Oyunlarına lisenziyada reytinq önəmli rol oynayacaq”.

Milli komandanın üzvü R.Ağayev isə Avropa çempionatında 11-ci dəfə qızıl medal qazandığına görə sevindiyini, qarşıdan gələn dünya çempionatında da qələbə qazanmağa çalışacağını qeyd edib. O, sabahdan yenidən məşqlərdə iştirak edəcəyini vurğulayıb: “Sabahdan hər şeyi unudub hazırlıqlarımı yüksək səviyyədə davam etdirəcəyəm. 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında yalnız çıxış etmək yox, qızıl medal qazanmaq istəyirəm”.

Millimizin digər üzvü Nuranə Əliyevə idmançıların yüksək hazırlıq keçməsində məşqçilərin böyük rol oynadıqlarını qeyd edib və onlara minnətdarlığını bildirib.

Xatırladaq ki, yarışda Rafael Ağayev qızıl medal qazanaraq 11-ci dəfə Avropa çempionu olub. Şahin Atamov (84 kq) və İrina Zaretski (68 kq) gümüş, Nuranə Əliyeva (50 kq) və Roman Heydərov (kata) bürünc medal qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə