Daniel Rikkardo: "Bakıya xoş hisslərlə gəlmişəm"

“Bakıdakı ötənilki yarışla bağlı çox gözəl xatirələrim var. Bizə uğur qazandıran trekə qayıdırıq”. SİA-nın məlumatına görə, bunu “Red Bull” komandasının pilotu Daniel Rikkardo 2018 Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində Bakıda təşkil olunan mətbuat konfransında deyib.

Ötənilki Qran Prinin qalibi olan 29 yaşlı avstraliyalı pilot bildirib ki, Bakıya xoş hisslərlə gəlib. İki həftə əvvəl Şanxay Qran Prisində rəqiblərini qabaqlayan Rikkardo bu il Bəhreyndə üzləşdiyi uğursuzluğa da toxunub: “Yarışı birinci dövrədən sonra başa vurmaq çox ağırdır. Üç həftə sonra Çində qalib gəlmək şansım vardı və bundan istifadə etdim. Orada da Bakıda olduğu formada qalib gəldim”.

Avstraliyalı pilot komandasını dəyişəcəyi ilə bağlı söhbətlərə də aydınlıq gətirib: “Heç vaxt heyətində çempion ola biləcəyimi düşünmədiyim komandaya keçmərəm. “Red Bull”da bu şans var. Dünya çempionu olacağıma inanıram. Amma bunun üçün mövsüm ərzində bir yox, daha çox qalib gəlmək lazımdır. İşin maliyyə tərəfi çempionluğun kölgəsində qalır. Hələlik yeni müqavilə ilə bağlı yalnız “Red Bull”a danışmışam. Yaya qədər gözləyəcəyəm. O vaxta qədər heç nə baş verməsə, B planı barədə düşünmək olar”.

Qeyd edək ki, 2018 Formula 1 Azərbaycan Qran Prisi 27-29 apreldə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...