F1 komandaları Bakıda son hazırlıqlarını tamamlayırlar - FOTOLAR

Xəbər verdiyimiz kimi, sabah Bakıda 2018 Formula 1 Azərbaycan Qran Prisi başlayacaq. SİA-nın məlumatına görə, artıq komandalar yarışa son hazırlıqlarını tamamlamaq üzrədirlər.

Bu gün isə trekdə yarışöncəsi yoxlamalar olacaq. Beynəlxalq Avtomobil Federasiyasının (FİA) nümayəndələri saat 13:00-da ilkin texniki baxışa başlayacaqlar. Üç günlük bilet sahiblərinin Pit Leyn gəzintisi saat 14:00-da olacaq. Saat 15:00-da Formula 1-in mətbuat konfransı təşkil ediləcək. Saat 16:00-da isə trek bağlanacaq və yarış yollarına ancaq FİA və Formula 1 nümayəndələri daxil olaraq sistem yoxlanışı həyata keçirəcəklər. Saat 16:45-də trek yoxlanışı olacaq və 17:00-da yüksək sürət test ediləcək. FİA-nın təhlükəsizlik və tibbi maşını sınaq yürüşləri edəcək. Saat 17:00-da həmçinin Formula 1-ə dəstək yarışı olan Formula 2-nin komanda rəhbərlərinin görüşü baş tutacaq. Saat 18:05-də Formula 1 nümayəndələrinin Pit Leyn gəzintisi və Heineken avtomobil turu, 18:35-də Formula1 avtomobil turu, 19:00-da isə Formula 1 komanda rəhbərlərinin görüşü təşkil ediləcək.

Xatırladaq ki, 2018 Formula 1 Azərbaycan Qran Prisi aprelin 27, 28, 29-da keçiriləcək.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə