Karateçilərimiz təlim-məşq toplanışına başlayıblar

Mayın 10-13-də Serbiyanın Novı Sad şəhərində keçiriləcək karate üzrə Avropa çempionatına hazırlaşan milli komandamızın üzvləri Şəkidə təlim-məşq toplanışına başlayıblar. SİA-nın məlumatına görə, hazırlıq bir həftə davam edəcək. Milli komandanın baş məşqçisi Şahin Xudaverdiyevin (kumite) və Vahid Ayvazovun (kata) rəhbərliyi altında hazırlıq qadınların böyük məşqçisi Anar Allahverdiyev, məşqçilər Seymur Hüseynov, Qurban Tağıyev, Rəşad Hüseynov, Denis Morozov və fiziki hazırlıq üzrə məşqçi Oqtay Məmmədovla birgə gün ərzində üç dəfə keçirilir.

Bir həftəlik toplantında, həmçinin federasiyanın baş hakimi və beynəlxalq hakim Cahangir Babayevin rəhbərliyi ilə yarış qaydalarında dəyişikliklər və turnirlərdə qayda pozuntularına dair seminar, idmançıların çıxışlarından hazırlanmış gündəlik xüsusi analitik məşğələlər nəzərdə tutulub. İdmançılar qitə çempionatına son hazırlığı mayın ilk günündən paytaxtdakı təlim-məşq bazasında keçəcək.

Milli komanda Serbiyada Avropa çempionatına mayın 8-də yollanacaq. Karateçilərimiz qarşıdakı nüfuzlu turnirin kumite və kata üzrə həm fərdi, həm də komanda yarışlarında çıxış edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə