Jurnalistlər və marşallar “McLaren” otağında olublar - FOTOLAR

2018 Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar “Hilton” oteldə yeni istifadəyə verilmiş “McLaren” otağını ilk olaraq jurnalistlər və yarışın texniki təftiş marşalları ziyarət ediblər. SİA-nın məlumatına görə, marşallar “McLaren” qarajından əvvəl bu otağa baxış keçirərək həm unudulmaz təəssüratlar yaşayıb, həm də yeni təcrübə qazanıblar.

Texniki təftiş marşalları gündəlik olaraq hər bir bolidi, o cümlədən qəzaya uğramış maşınları təftiş edərək onun təhlükəsizlik və yarışa uyğunluq tələblərinə cavab verib-vermədiyini müəyyən edir. Onlar yarışdan əvvəl komandaların qarajlarını və həmçinin pilotun yarış zamanı istifadə etdiyi bütün aksesuarları yoxlamadan keçirərək qaydalara uyğun olmasına nəzarət edirlər.

2005-ci ildən etibarən “McLaren” Formula 1 komandasının tərəfdaşı olan “Hilton” bu böyük yarışın iştirakçısı olan komandaya “ikinci ev” kimi xidmət göstərir.

“McLaren” dizaynlı otağın stilistikası komandanın pilotları Stoffel Vandorn və ikiqat dünya çempionu Fernando Alonsodan ilhamlanaraq yaradılıb. Otaqdan Bakı şəhərinə və təqvimdəki ən sürətli şəhər trekinə mənzərə açılır. Bəzədilməsində istifadə olunan dəyərli xatirə əşyaları isə birbaşa “McLaren” komandasının Böyük Britaniyadakı mənzil-qərargahından gətirilib. Bura komandanın yeni rəngləri və dizaynını özündə əks etdirən pilot geyimləri, dəbilqələr, “Pirelli” yarış təkərləri, sükan - bir sözlə, çox az sayda insanın yaxından görə bildiyi, daha azının isə toxuna bildiyi əşyalar aiddir.

“McLaren” otağı 73 milyondan çox üzvü olan “Hilton Honors” loyallıq proqramının rəsmi internet səhifəsində hərraca çıxarılıb və qonaqlardan biri 110.000 xallıq ən yüksək təklifi edərək bu unikal otağı icarəyə götürüb. Qaliblər yarış günlərində həm bu xüsusi dizaynlı otaqdan, həm də pəncərədən Bakı Şəhər Halqasına açılan möhtəşəm mənzərədən zövq ala biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə