David Navara: "Vüqar Həşimov həmişə partiyada vəziyyəti dəyişməyi bacarırdı"

Aprelin 19-da Şəmkirdə təşkil olunan şahmat üzrə Vüqar Həşimov Memorialında birinci turun oyunları keçirilib. İlk turda Azərbaycan şahmatçısı Rauf Məmmədov qara fiqurlarla Çexiya təmsilçisi David Navara ilə heç-heçə oynayıb.

SİA xəbər verir ki, partiyadan sonra David Navara oyun barədə danışıb. O deyib: “Açılışdan sonra debütdə üstünlük qazanmışdım. Çox maraqlı vəziyyət yaranmışdı. Təəssüf ki, üstünlükdən istifadə edə bilmədim. Rauf çox dəqiq oynayaraq vəziyyəti bərabərləşdirdi və üstünlüyü qaytarmağa imkan vermədi. Amma qələbə qazanmaq imkanım var idi”.

Mərhum Vüqar Həşimov barədə danışan çexiyalı şahmatçı onunla oynadığı turnirləri yada salaraq deyib: “Vüqar Həşimovu çox yaxşı xatırlayıram. Vüqar həmişə partiyada vəziyyəti dəyişməyi bacarırdı. Onunla 9 dəfə qarşılaşmışam. Bu oyunların beşində Vüqar qələbə qazanıb. Onun yoxluğunu qəbul etmək çox çətindir. Vüqarın özünəməxsus gülüşü hər zaman yadımdadır. Şəmkir turnirində həmişə onu xatırlayırıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə