Bir sıra milli komandalar yoldaşlıq oyunları keçiriblər - NƏTİCƏLƏR

Dünyanın bir sıra milli komandaları yoldaşlıq oyunlarında öz güclərini sınayıblar. SİA-nın məlumatına görə, bu ilin yayında dünya çempionatına ev sahibliyi etməyə hazırlaşan Rusiya yığması 5 qat dünya çempionu Braziliya millisini qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən oyunun ilk hissəsində qapılara top vurulmayıb. İkinci hissənin 53-ci dəqiqəsində standart vəziyyətdən yararlanan braziliyalılar hesabı açıb. Miranda fərqlənib – 0:1. Oyunun 61-ci dəqiqəsində Paulinyoya qarşı qayda pozuntusuna görə 11 metrlik cərimə zərbəsini Kautinyo dəqiq yerinə yetirib - 0:2. Qarşılaşmanın son qolunu 66-cı dəqiqədə Vilyamın ötürməsini baş zərbəsi ilə tamamlayan Paulinyo vurub - 0:3. Beləliklə, görüş Braziliya millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Türkiyə isə İrlandiya ilə qarşılaşıb. Mirça Luçeskunun komandası minimal hesabla qalib gəlib - 1:0. Yeganə qolun müəllifi 53-ci dəqiqədə Mehmet Topal olub.

Günün maraqlı oyunlardan biri də Fransa və Kolumbiya komandaları arasında olub. Matç kolumbiyalıların qələbəsi ilə başa çatıb - 2:3.

Argentina millisi italyanların qapısından iki cavabsız top keçirib. İngiltərə Hollandiya komandasını minimal hesabla məğlub edib - 1:0. Hazırki dünya çempionu Almaniya millisi isə İspaniya komandası ilə heç-heçə edib -1:1.

Bütün xəbərlər Facebook səhifəmizdə