Simulyatorda F1 çempionatının qalibi müəyyənləşib - FOTOLAR

Bu gün “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) və Azərbaycan Avtomobil Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə regionlarda avtoidman üzrə maarifləndirmə ayı çərçivəsində “Sənin sürət formulan” şüarı altında simulyatorda Formula-1 (F1) çempionatına yekun vurulub. SİA-nın məlumatına görə, Dənizkənarı Milli Parkda keçirilən finalda 6 regionun – Lənkəran, Şirvan, Füzuli, Mingəçevir, Qax və Qubanın qalibləri çempion titulu uğrunda yarışıblar.

Bakı şəhər halqasında beş dövrədən ibarət yarışda ən yüksək nəticə göstərən Quba şəhər 7 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Fərid İslamov çempionatın qalibi olub.

BŞH-nin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai qalibi təbrik edərək, ona 2018 Formula 1 Azərbaycan Qran Prisinə dördgünlük iki nəfərlik bilet təqdim edib.

Çempionatın iştirakçılarına velosiped və aksesuarları, xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, çempionatın regionlar üzrə mərhələsində şagirdlər üçün yol hərəkəti təhlükəsizliyinə dair seminarlar da təşkil olunub. Hər rayonda üç gün ərzində keçirilən tədbirlərdə 2500-dək məktəbli iştirak edib.

Layihənin məqsədi Azərbaycanın regionlarında gənclər arasında Formula 1 və yol hərəkəti təhlükəsizliyi haqqında məlumatlılığı artırmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə