Bakıda keçirilən dünya kuboku başa çatıb - FOTOLAR

Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə dünya kubokuna yekun vurulub. SİA-nın məlumatına görə, sonuncu final günündə kişi gimnastlar arasında dayaqlı tullanma, dəstəli at və turnikdə, qadın idmançılar arasında isə gimnastika tiri və sərbəst hərəkətlərdə final yarışları keçirilib.

Kişilər arasında dayaqlı tullanmada Belarus təmsilçisi Pavel Bulauski (14.283 xal) bütün rəqiblərini üstələyərək qızıl medala sahib olub. Filippinli gimnast Yulo Carlos Edrial (14.183 xal) dünya kubokunun ikincisi olub. İlk üçlüyü isə gürcüstanlı Konstantin Kuzovkov (14.133 xal) tamamlayıb.

Qadınların gimnastika tiri yarışında qızıl və gümüş medallar Çinin aktivinə yazılıb. Bu ölkənin təmsilçisi Huan Luo 13,400 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onun həmyerlisi Jiaqi Lyu (1,933 xal) gümüş medala layiq görülüb. Üçüncü yerə isə özbəkistanlı Oksana Çusovitina (12.866 xal) çıxıb.

Kişilər arasında dəstəli at yarışında qalib Çin idmançısı Hao Venq 15,100 xal toplayaraq bütün rəqiblərini üstələyib. İkinci yerdə Çin Taypey təmsilçisi Lee Çih Kai (14,766 xal) qərarlaşıb. İlk üçlüyü isə yaponiyalı Takaaki Sugino (14,633 xal) tamamlayıb.

Qadınlar arasında sərbəst hərəkətlərdə Ana Derek 13,533 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Dünya kubokunun gümüş medalına yunanıstanlı İoanna Xoulogi (12,733 xal) sahib olub. Türkiyə gimnastı Demet Mutlu (12,566 xal) isə üçüncü yerə çıxıb.

Qeyd edək ki, sərbəst hərəkətlərdə ölkəmizi təmsil edən Yuliya İnşina türkiyəli gimnastla eyni xalı toplasa da, hakimlərin qərarına əsasən dördüncü pillədə yer alıb.

Kişilər arasında turnik növü üzrə gedən mübarizədə Niderland təmsilçisi Bart Deurlo 14,700 xal toplayaraq dünya kubokunun qızıl medalını qazanıb. Fəxri kürsünün ikinci pilləsində Belarus gimnastı Andrey Lixovitski (14,200 xal) qərarlaşıb. Bürünc medalın sahibi isə xorvatiyalı Anton Kovaçevic (14,166 xal) olub.

Sonda bütün qalib idmançılara medallar təqdim edilib.

Beləliklə, 4 gün ərzində ölkəmizin ev sahibliyi etdiyi dünya kubokuna yekun vurulub.

Xatırladaq ki, ötən gün Azərbaycan gimnastı Marina Nekrasova dünya kubokunun gümüş medalını qazanıb. Təmsilçimiz dayaqlı tullanma hərəkətində 14,216 xalla ikinci olub.

Bütün xəbərlər Facebook səhifəmizdə