ŞOK: UEFA “Beşiktaş”ı cəzalandıracaq

UEFA-nın Nizam-İntizam Komitəsi “Beşiktaş”ı cəzalandıracaq. Qurumun rəsmi saytında yer alan xəbərə görə, buna Çempionlar Liqasının 1/8 final mərhələsinin “Bavariya” ilə cavab matçında türkiyəli azarkeşlərin turnirin reqlamentinə zidd hərəkətlər etməsi səbəb olub. Tribunalarda keçidlərin bağlanması və meydana yad əşyaların atılmasına görə klubun cərimələnəcəyi gözlənilir.
Əsas maraqlı məqam isə ondan ibarətdir ki, UEFA oyunun gedişində meydançaya daxil olan pişiyə görə də “Beşiktaş”a cəza veriləcəyini açıqlayıb.
Qeyd edək ki, görüşün baş hakimi Maykl Oliver pişik meydanı tərk edənədək oyunu saxlamalı olub.
Xatırladaq ki, “Beşiktaş” – “Bavariya” matçı İstanbul klubunun 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Almaniyadakı ilk qarşılamada da rəqibinə uduzan “qara qartallar” iki oyunun nəticəsinə görə ÇL-lə vidalaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə