ACF-nin konfransı və İcraiyyə Komitəsinin iclası keçirilib - FOTOLAR

Martın 15-də Bakı Olimpiya Stadionunda Azərbaycan Cüdo Federasiyasının (ACF) konfransı və İcraiyyə Komitəsinin iclası keçirilib. SİA-nın məlumatına görə, tədbirdə iştirak edən ACF-in prezidenti Rövnəq Abdullayev ölkədə idmanın bütün növlərində inkişafın pik nöqtəyə çatdığını bildirib. O, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarındakı nailiyyəti buna bariz nümunə göstərib.

Mandat Komissiyasının tərkibi müəyyənləşdikdən sonra konfransda yetərsay elan olunub.

ACF-in baş katibi Elmar Babanlı bildirib ki, 2015-ci il sentyabrın 10-da keçirilmiş konfransdan sonra cüdonun inkişafında yeni mərhələ başlayıb. Onun sözlərinə görə, yeniyetmə, gənc, böyüklər və paralimpiya komandaları yüksək nailiyyətlər göstərib. O, medalların illər üzrə artdığını (2015-ci ilin son 3 ayında 25, 2016-cı ildə 140, 2017-ci ildə 191 medal), “Rio-2016”da 2 gümüş medal, paracüdoçuların isə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazandıqlarını söyləyib.

Baş katib cüdoçularımız “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında, Avropa və dünya çempionatlarında da tarixi nailiyyətlərə imza atdıqlarını vurğulayıb. O, ACF prezidentinin Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsinə üzv seçildiyini və 2018-ci il dünya çempionatının Bakıya həvalə olunduğunu xatırladıb. E.Babanlı respublika üzrə seleksiya xarakterli yarışlara 2000-dək cüdoçunun qatıldığını və kütləviliyin yüksəldiyini diqqətə çatdırıb.

Sonra maliyyə hesabatı dinlənilib.

Hesabatlar səsverməyə qoyularaq qəbul edilib.

Daha sonra Azər Əsgərov ACF İcraiyyə Komitəsinə, DİN İC, MOİK, “Sərhədçi”, FHN, “Judo Club”, “Qəbələ”, “Turan”, 1 nömrəli RİOEUGİM ACF üzlüyünə qəbul olunub.

Sonda çıxış edən R.Abdullayev əldə olunan uğurlara görə federasiya üzvlərinə minnətdarlığını bildirib. O, qarşıda ACF-i vacib yarışların gözlədiyini deyib: "Bakıdakı dünya çempionatı pik yarışımız olacaq. Biz bu yarışa saatbasaat yaxşı hazırlaşmalıyıq. Cüdoictimaiyyətini prosesə cəlb etməli, ilk dəfə Bakıda keçiriləcək mundialda yüksək nəticə göstərməliyik. Bu, bizim vicdan borcumuz olmalıdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə