“Barselona”dan tələb: "İspaniya Kuboku və Superkubokunun formatı dəyişdirilsin"

“Barselona” klubunun təşəbbüsü ilə İspaniya Kuboku və Superkubokunun formatı dəyişdirilə bilər. AZƏRTAC xəbər verir ki, aprelin 9-da İspaniya Kral Futbol Federasiyasının prezident seçkiləri keçiriləcək. İspaniya çempionatının iki yüksək divizionunda olan klubların əksəriyyəti Xuan Luis Larreanın namizədliyini dəstəkləmək niyyətindədir. Kataloniyalılar isə İspaniya kuboklarında islahatlar keçiriləcəyi təqdirdə Larreanı dəstəkləməyə təminat verirlər.

“Barselona”nın prezidenti Jozep Bartomeu İspaniya Superkubokunun bir matçda və neytral meydançada, hətta ölkədən kənarda keçirilməsini istəyir. Hazırda superkubokun qalibi finalçılardan hər birinin meydançasında oynanılan iki matçın yekunlarına əsasən müəyyən edilir.

Bundan başqa, “Barselona” İspaniya Kuboku üçün də yeni format təklif edir. Bu format İngiltərə və İtaliya kuboklarının keçirilməsi formulunun hibrididir.

İtaliyada “A” seriyasından ilk səkkiz komanda 1/8 final mərhələsində mübarizəyə qoşulur və matçlar yüksək divizion meydançalarında keçirilir. Qoşa matçlar yalnız yarımfinalda oynanılır. İngiltərədə isə ev sahibi püşkatma nəticəsində müəyyən edilir. “Barselona” çox sıx olan təqvimi yüngülləşdirmək üçün bu dəyişikliklərdə israrlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...