Avropa Velosipedçilər Birliyinə yeni prezident seçilib - FOTOLAR

İsveçrəli Rokko Kattaneo Avropa Velosipedçilər Birliyinin (UEC) yeni prezidenti seçilib. SİA-nın məlumatına görə, Türkiyənin İstanbul şəhərində təşkil olunan sayca 31-ci Konqresdə quruma üzv olan 50 milli federasiyadan 44-nün nümayəndələri iştirak ediblər. Seçkiyə Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) I vitse-prezidenti, UEC-nin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov və baş katib Fərhad Əliyev də qatılıb.

Bunadək Avropanın ali velosiped qurumunun vitse-prezidenti vəzifəsində olan Rokko Kattaneonun səlahiyyət müddəti 2021-ci ilə qədər nəzərdə tutulub. O, UEC-nin keçmiş prezidenti David Lappartyenin ötən ilin sentyabrında Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) rəhbəri seçilməsindən sonra UEC-in prezidenti vəzifəsini icra edirdi.

Rokko Kattaneonun UEC-nin prezidenti seçilməsindən sonra qurumun boş qalan vitse-prezident postu danimarkalı Henrik Jess Yansenə həvalə edilib. Bundan başqa, britaniyalı Alasdair Maklennan UEC-nin Rəhbər Komitəsinin üzvlüyünə qəbul edilib.

Qeyd edək ki, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsi 1-i qurumun prezidenti olmaqla, 7 nəfərdən ibarətdir və qitədə velosiped idmanı ilə bağlı bütün mühüm qərarlar məhz onlar tərəfindən verilir.

Konqres zamanı Rokko Kattaneonun təklifi ilə David Lappartyen UEC-in fəxri prezidenti təyin edilib.

Qeyd edək ki, qurumun növbəti Konqresi 2019-cu ilin martında İtaliyanın paytaxtı Romada olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...