İddiaçılar turniri: Şəhriyar Məmmədyarov 3-cü turda heç-heçə edib

Almaniyanın paytaxtı Berlində şahmat üzrə iddiaçılar turnirində üçüncü turun oyunları keçirilib. SİA-nın məlumatına görə, turnirin reytinq favoriti olan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov üçüncü turda ABŞ şahmatçısı Fabiano Karuana ilə qarşılaşıb. Oyun heç-heçə yekunlaşıb. Bununla da, azərbaycanlı qrossmeyster ardıcıl ikinci görüşündə xalları yarı bölüb. Hazırda onun aktivində iki xal var.

Üçüncü turun digər görüşlərində isə Rusiya idmançısı Vladimir Kramnik Ermənistan təmsilçisi Levon Aronyana qalib gəlib. Aleksandr Qrişuk - Sergey Karyakin (hər ikisi Rusiya) və Uesli So (ABŞ) - Din Lijen (Çin) qarşılaşmalarında şahmatçılar xalları yarı bölüblər.

Hesabında 2,5 xal olan Vladimir Kramnik liderliyə yüksəlib. Şəhriyar Məmmədyarov və Fabiano Karuana 2 xalla ikinci-üçüncü yerləri bölüşürlər. Din Lijen və Aleksandr Qrişuk 1,5 xalla dördüncü-beşinci pillələrdə qərarlaşıblar. Hərəyə 1 xalı olan Levon Aronyanla Sergey Karyakin altıncı-yeddinci pillələri bölüşürlər. 0,5 xalı olan Uesli Son isə sonuncu pillədədir.

Dördüncü turda Ş.Məmmədyarovun rəqibi U.Son olacaq.

Martın 28-dək davam edəcək iddiaçılar turnirinin qalibi dünya çempionluğu uğrunda görüşdə bu titulun hazırkı sahibi norveçli Maqnus Karlsen ilə oynayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə