Şəhriyar Məmmədyarov: “Berlində tamamilə başqa Şəhriyar görəcəksiniz” - MÜSAHİBƏ

Martda Almaniyada təşkil olunacaq şahmat tacına İddiaçılar Turnirində ölkəmizi təmsil edəcək Azərbaycan yığmasının lideri Şəhriyar Məmmədyarov mötəbər yarışa hazırlıqla bağlı sualları cavablandırıb. SİA şahmatçının müsahibəsini nəzərinizə çatdırır:

- Martın 10-da Berlində şahmat tacına İddiaçıların Turnirinə start veriləcək. Mötəbər yarışa necə hazırlaşırsınız?

- Veyk-An-Zee superturnirində iştirakla bağlı hazırlığa gec başladım. Bununla belə məşqlər plan üzrə davam edir. İddiaçılar Turnirinə hazırlıqdan razıyam. Berlindən əvvəl Rusiyada bir yarışda iştirak edəcəyəm. Martın ilk günlərində Moskvada Mixail Talın xatirə turniri olacaq. İddiaçılar Turnirində iştirak edən əksər rəqiblər Moskvada da çıxış edəcək. Rusiya paytaxında rapid və blits üzrə mübarizə olacaq.

- İddiaçılar Turnirinə hazırlıq dövründə hansı şahmatçı və ya məşqçilərlə işləyirsiniz?

- Komanda üzvlərimi açıqlamaq istəməzdim. Mötəbər yarış ərəfəsində adətən bütün şahmatçılar komanda üzvlərini geniş ictimaiyyətə açıqlamır. Əsas məqsəd İddiaçılar Turnirində layiqli çıxış etməkdir.

- Bu sizin İddiaçılar Turnirində üçüncü çıxışınız olacaq. Demək olar ki, Ş.Məmmədyarov belə turnirlərdə kifayət qədər təcrübəyə malikdir...

- Təcrübə baxımdan problem olmalı deyil. İlk dəfə İddiaçılar Turnirində çıxış edəndə tam fərqli idim. İndi Berlində tamamilə başqa Şəhriyar görəcəksiniz. Məqsədim Berlində uğur qazanmaqdır. 2017-ci il mənim üçün unudulmaz qələbələrlə yadda qaldı. 2018-ci ildə də hamını sevindirmək istəyirəm.

- Artıq püşk atılıb. İddiaçılar Turnirində ilk rəqibiniz Sergey Karyakin olacaq. Son turda isə Vladimir Kramniklə qarşılaşacaqsınız. Püşkü necə dəyərləndirirsiniz?

- Əvvəldə ya sonda bütün şahmatçılar bir-biriylə qarşılaşacaq. Ona görə o qədər fərq etmir. Sözsüz, Karyakinlə başlamağım maraqlı olacaq. İddiaçılar Turnirinin son qalibidir. Sergey dünyanın güclü şahmatçıların biridir. Onunla dostluq münasibətlərim var. Üstəlik, bildiyiniz kimi, çempionluq matçında Maqnus Karlsenə qarşı hazırlıq dönəmində Karyakinin komandasında olmuşam. Sergeyə kömək etmişəm. Bir-birimizi yaxşı tanıyırıq. Sadəcə Berlində hamı qələbə uğrunda yarışacaq. FİDE püşkü bilərəkdən 1 ay əvvəldən keçirir. Bütün şahmatçılar rəqiblərini tanıyır. Hər bir şahmatçı həmkarına açıq mübarizə aparacağını bildirir. Çünki Berlində hamı yarışın qalibi olmağa çalışacaq. Güzəştdən söhbət gedə bilməz. Sergeylə dostluğumuz var, amma hər ikimiz açıq mübarizə aparacağıq. Berlində bir-birimizə rəqib olacağıq.

- Berlində keçiriləcək İddiaçılar Turnirində hansı şahmatçıdan çəkinirsiniz?

- Çəkindiyim şahmatçı Berlində olmayacaq. Söhbət Maqnus Karlsendən gedir.

- Amma siz onunla ilin sonunda qarşılaşmaq üçün əla fürsət qazanmısınız...

- İddiaçılar Turnirində məqsədim qalib olmaqdır. Bu yarışı udmaqla dünya çempionu Maqnus Karlsenlə oynamaq istəyirəm.

- Mötəbər yarış ərəfəsində yəqin istirahətə vaxt olmur. Bütün diqqətiniz Berlindədir...

- Düz qeyd etdiniz. Bütün diqqətim Berlindəki yarışdadır. Ona görə, hətta ailə üzvlərimlə az görüşürəm. Dostlarla demək olar ki, ünsiyyətimiz yoxdur. Gün ərzində ancaq məşqlərlə bağlı danışırıq. Hamının məni başa düşəcəyinə inanıram. Fürsətdən istifadə edərək İddiaçılar Turniri ərəfəsində mənə dəstək olan hər bir kəsə, dostlarıma, eləcə də media nümayəndələrinə təşəkkür edirəm.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...