Azərbaycan gimnastı beynəlxalq turnirdə qızıl medal qazanıb

Rusiyanın Yaroslavl şəhərində batut gimnastikası üzrə Rusiya kuboku və “Rusiyanın ümidi-1” ümumrusiya yarışları keçirilib. SİA-nın məlumatına görə, batut gimnastikası üzrə Azərbaycan yığma komandası yarışlarda geniş heyətlə təmsil olunub. Gimnastlarımız batut üzərində, tamblinq cığırında, həmçinin ikili mini-batutda müxtəlif yaş qrupları üzrə medallar uğrunda mübarizə aparıblar.

Ötən il dünya yaş qrupu yarışlarında tamblinq cığırında qalib adını qazanan Mixail Malkin Yaroslavlda qızıl medala sahib olub. Yarışlar çərçivəsində təşkil edilən “Rusiya-Azərbaycan Dostluq Kuboku-2018” turnirində hakimlərdən 79,200 xal alan Mixail Malkin rusiyalı rəqiblərini geridə qoyaraq fəxri kürsünün ilk pilləsinə yüksəlib.

Növbəti medalı komandamızın aktivinə 11-12 yaşlılar arasında yarışan Bilal Qurbanov tamblinq cığırında çıxışı ilə yazdırıb. Final mərhələsində 59,800 xal toplayan gimnastımız bürünc medala layiq görülüb.

Eyni yaş qrupunda çıxış edən Hüseyn Əsədullayev doqquzuncu olub. Bu yaş kateqoriyasında qızların yarışında Zeynəb Qasımlı beşinci, 13-17 yaşlıların mübarizəsində isə Adil Hacızadə 14-cü yerdə qərarlaşıb.

Fərdi batut proqramında finala yüksələn Hüseyn Abbasov 11-12 yaşlı gimnastlar arasında beşinci, Selcan Mahsudova isə 13-17 yaş kateqoriyasında 15-ci olub.

Yığma komandanın üzvləri builki yeni çıxış proqramlarını ilk dəfə bu turnirdə nümayiş etdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə