Robben: “Matça ilk 11-likdə başlamadığımla bağlı hisslərimi açıqlasam…” - AÇIQLAMA

Çempionlar Liqasında “Beşiktaş”ı 5:0 hesabı ilə məğlub edən “Bavariya”nın futbolçusu Aryen Robben oyundan sonra açıqlama verib. SİA-nın məlumatına əsasən, hollandiyalı futbolçu matça sonradan daxil olmasına görə məyusluğunu bildirib.

Qarşılaşmanın 44-cü dəqiqəsində zədələnən Xames Rodriqesin yerinə matça daxil olan A.Robben yaxşı oyun göstərdiyini vurğulayıb: “İkinci hissədə yaxşı oynadım. Hər kəs belə matçlarda iştirak etmək istəyir. Oynamamaq insanı kədərləndirir. Matça ilk 11-likdə başlamadığımla bağlı hisslərimi açıqlasam, sabah ya Yupp Haynkes, ya da Karl Haynz Rummeniggenin ofisində iclasda olmaq məcburiyyətində qalacam”.

“Bavariya”nın baş məşqçisi Y.Haynkes isə futbolçunun açıqlamasına cavab verib: “Matça ilk 11-likdə başlamayan bir oyunçunun məyusluğunu anlayıram. Bu, tamamilə normaldır. Ancaq mən doğru bildiyim qərarı vermişəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə