Çeyz Kerri: "Bakı ilə əməkdaşlığı inkişaf etdirmək niyyətindəyik"

"Biz Bakı ilə səmərəli əməkdaşlıq edirik və gələcəkdə bu əməkdaşlığı inkişaf etdirmək niyyətindəyik". SİA-nın məlumatına görə, bunu “Formula 1 group” şirkətinin baş icraçı direktoru Çeyz Kerri Heydər Əliyev Mərkəzində Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və Azərbaycan Avtomobil Federasiyasının təşkil etdiyi “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları-2018” adlı konfransda çıxışı zamanı deyib.

Ç.Kerri bildirib ki, dünyada milyonlarla insan Formula 1 yarışlarını televiziya, internet və digər rəqəmsal kanallar vasitəsilə izləyir: “Biz elə bir platforma yaratmalıyıq ki, Bakı bundan böyük fayda götürsün. Ötənilki yarış həyəcanlı idi və çalışırıq ki, budəfəki yarışda həyəcanı daha da artıraq. Biz çalışacağıq ki, insanlar yarışlardan daha böyük zövq alsınlar”.

Formula 1 rəhbəri qeyd edib ki, Bakıda keçirilən Formula 1 yarışlarına tamaşa edən insanları buraya cəlb etmək lazımdır: “Bu platforma vasitəsilə milyonlarla insan Bakını görür və Azərbaycana səfər edə bilər. Biz çalışmalıyıq ki, Bakı haqqında daha ətraflı məlumat verək və həmin insanları buraya gəlməyə cəlb edək”.

Bütün xəbərlər Facebook səhifəmizdə