Şəhriyar Məmmədyarov Sergey Karyakinlə heç-heçə edib

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zey şəhərində keçirilən “Tata Steel Masters” superturnirinin liderlərini təqib edir. SİA-nın məlumatına görə, qrossmeysterimiz dördüncü turda rusiyalı Sergey Karyakinlə heç-heçə oynayıb. Rəqiblər heç-heçə barədə 47-ci gedişdə razılığa gəliblər. Aktivində 2,5 xalı olan Ş.Məmmədyarov norveçli Maqnus Karlsen və rusiyalı Vladimir Kramnik ilə 3-5-ci yerləri bölüşür.

Turnirə hər biri 3 xal toplayan hollandiyalı Aniş Giri və hindistanlı Vişvanatan Anand liderlik edirlər.

Qeyd edək ki, beşinci tur Veyk-an-Zeydə deyil, Hilversumda təşkil olunub. Bu turda Vişvanatan Anand-Vey İ, Qaveyn Cons-Aniş Giri, Maqnus Karlsen-Vladimir Kramnik, Şəhriyar Məmmədyarov-Fabiano Karuana, Pyotr Svidler-Hou İfan, Uesli So-Başkaran Adxiban, Maksim Matlakov-Sergey Karyakin görüşləri keçirilir.

Əlavə edək ki, beşinci turdan sonra turnirdə istirahət günü olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə