İdmanın uşaqların inkişafına təsiri - MÜTƏXƏSSİS RƏYİ

“İdman uşaqların yalnız fiziki deyil, psixoloji və mənəvi inkişafına da təsir göstərir”. Bunu SİA-ya açıqlamasında psixoloq Gülnarə Muxtarova deyib.

Onun sözlərinə görə, idman uşaqların əxlaq obrazının, dostluq, yoldaşlıq, bərabərlik və s. bu kimi humanist keyfiyyətlərinin formalaşmasında böyük rol oynayır: “Uşaqların kiçik yaşlarından fiziki və mənəvi inkişafı valideynlərin maraq dairəsində olur. Bu baxımdan valideynlər uşaqları onlar üçün düzgün seçilmiş idman növlərinə yazdırmalıdırlar. Pedaqoqlar da uşaqların hərtərəfli və harmonik inkişafında idman və bədən tərbiyəsinin roluna önəm verirlər. Uşaqlara kiçik yaşlarından idman və bədən tərbiyəsinin faydaları, "Sağlam bədəndə sağlam ruh olar" ifadəsinin tam mənası aşılanmalıdır”.

Psixoloq bildirib ki, idman kiçik yaşlı uşaqların öz "mən"ləri və ətraf mühiti qavramalarında mühüm vasitədir: “İdmanla məşğul olan uşaqlar həmişə birinci olmağa, liderliyə can atırlar. Valideylər də uşaqların hansı idman növü ilə məşğul olmasına qərar verərkən həm diqqətli olmalıdırlar, həm də uşaqlarla birlikdə qərar qəbul etməlidirlər. Yanlış seçilmiş idman növü uşaqda özünə inamsızlıq, özünü qiymətləndirmənin aşağı enməsi, aqressivlik yarada bilər. Ancaq düzgün seçilmiş idman növü ilə məşğul olan uşaqlar daha çevik, hərəkətli, özünə inanan olurlar. Bu baxımdan uşaqların kiçik yaşlardan idman haqqında bilgiləndirilməsi və idmana cəlb olunması təqdirəlayiqdir”.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə