Faiq Qarayev: “Azərreyl” psixoloji olaraq məğlub oldu” - AÇIQLAMA

Azərbaycan Voleybol Federasiyasının (AVF) I vitse prezidenti, voleybol üzrə qadınlardan ibarət milli yığma komandanın baş məşqçisi Faiq Qarayev “Azərreyl” voleybol klubunun Çağırış Kuboku ilə vidalaşması və baş məşqçi Famil Ağayev haqqında son günlər mətbuatda yazılan xəbərlər haqqında açıqlama verib. SİA-nın məlumatına görə, o, öncə komandanın Rumıniyanın “Ştiinta” klubu ilə son qarşılaşması haqqında danışıb: “Görüş zamanı mən arenadan oyunu canlı izləyirdim. Qızlar 3 hissədə qalib gəldilər. Onlar bacardıqları qədər mübarizə apardılar. Oyunun taleyi isə “Qızıl set”də həll olundu. “Qızıl set”ə “Azərreyl” üstün başladı. Təəssüflər olsun ki, üstünlük bizdə olsa da məğlub olduq. Düşünürəm ki, “Azərreyl” setin sonlarında psixoloji olaraq məğlub oldu. Bu da ümumi məğlubiyyətlə nəticələndi.

Daha bir səbəb isə “Azərreyl” klubunun komanda şəklində az oyun keçirməsidir. Bildiyiniz kimi, ölkə çempionatımız dekabr ayının sonunda start götürdü. “Azərreyl” bu günə kimi az oyun keçirmişdi. Hansı ki, digər komandalar bu günə kimi artıq 15-dən çox oyun keçirib. Amma buna görə oyunçuları və ya məşqçini günahlandırmaq doğru olmaz”.

O bildirib ki, AVF hər zaman gənc mütəxəssislərin yanında olub və onlara dəstək olmağa çalışıb: “Famil də gənc və yaxşı bir məşqçidir. O, milli komandada da mənim köməkçim olaraq çalışıb və yenə də çalışacaq. Famil kimi bizim gənc məşqçilərimiz o qədər də çox deyil. Biz onlara işlərində kömək etməliyik ki, klublarında və ya milli komandalarda yaxşı nəticələr əldə etsinlər”.

Bütün xəbərlər Facebook səhifəmizdə