ADA Universitetində sinxron şahmat yarışı keçirilib - FOTOLAR

ADA Universitetinin və Vüqar Həşimov Şahmat Akademiyasının təşkilatçılığı ilə sinxron şahmat yarışı keçirilib. SİA-nın məlumatına görə, ADA Universitetində təşkil edilən yarışda sözügedən ali təhsil müəssisəsinin tələbələri beynəlxalq şahmat ustası Sərxan Həşimova və beynəlxalq qrossmeyster İlahə Qədimovaya qarşı mübarizə aparıblar.

Beynəlxalq şahmat ustası Sərxan Həşimov onqat Azərbaycan çempionu, Avropa çempionatının bürünc medalçısı, İspaniyanın nüfuzlu San-Sebastian turnirinin qalibi olub. İnformasiya-kommunikasiya texnologiyaları sahəsində 15 ildən çox təcrübəsi olan IT mütəxəssisi Sərxan Həşimov HP, Oracle və SAP kimi beynəlxalq şirkətlərdə çalışıb. O, 2016-cı ildən etibarən “Microsoft Azerbaijan” şirkətinin baş direktoru vəzifəsində çalışır və bir müddət əvvəl “Microsoft”un MDB üzrə İdarə Heyətinin üzvü seçilib.

Beynəlxalq qrossmeyster İlahə Qədimova üçqat dünya, ikiqat Avropa çempionu, bir çox beynəlxalq turnirlərin qalibidir. “Microsoft Azerbaijan” şirkətinin xidmətlər üzrə icraçı meneceri İlahə Qədimova Maltada Aralıq Dənizi Ölkələri Diplomatik Tədqiqatlar Akademiyasında diplomatiya üzrə magistr dərəcəsi alıb. Diplomatiya sahəsində 13 il təcrübəsi olan İlahə Qədimova Azərbaycanı Avropa İttifaqında təmsil edib. O, həmçinin beş il ərzində “PASHA Private Banking” şirkətində çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...