Bu ilki F1 yarışında hansı təkər tərkiblərindən istifadə olunacaq? - AÇIQLAMA

“Pirelli” şirkəti bu il aprel ayının son günlərində keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran Prisi üçün gətirəcəyi təkər tərkiblərini açıqlayıb. Bununla bağlı Formula 1 üzrə Azərbaycan Qran Prisinin elçisi, Formula 1 şərhçisi, f-1.az saytının baş redaktoru Rəhim Əliyev SİA-ya açıqlama verib.

O bildirib ki, şirkət gözlənilənlərin əksinə olaraq, bu il təkər reqlamentində heç bir dəyişiklik etməsə də, komandalara təklifində dəyişikliklər edib: “Azərbaycan Qran Prisi səfər yarışı sayıldığı üçün italyanlar artıq Bakıya gətirəcəkləri tərkibləri açıqlayıblar. Bu tərkiblər Soft, SuperSoft və UltraSoftdur. Soft və SuperSoft tərkibləri məcburi elan edildiyi üçün yarışın gedişində bu tərkiblərdən hər hansı birindən mütləq istifadə olunmalıdır.

Hər bir Qran Priyə sürücülərə 13 dəst quru hava təkərləri veriləcək. Hər tərkibdən bir dəst seçmək məcburidir. Digər dəstlərin say seçimində isə sürücülər azaddırlar. Yarış üçün məcburi elan olunan tərkibdən istifadə etməyən sürücü əvvəlki qaydada cərimə olunacaq”.

R.Əliyev vurğulayıb ki, reqlamentə əsasən, “Pirelli” səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir: “Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini Beynəlxalq Avtomobil Federasiyasına (FİA) bildirirlər. FİA isə “Pirelli”dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Sıralanma turunun son sessiyasına keçən sürücülər əvvəlki sessiyada ən yaxşı nəticəni göstərdikləri təkərlərlə start almalıdırlar və son sessiyada istifadə etdikləri ən yumşaq tərkibi “Pirelli”yə qaytarmalıdırlar”.

Xatırladaq ki, Azərbaycanda təşkil edilən ilk iki yarışda Medium, Soft və SuperSoft tərkiblərindən istifadə olunmuşdu.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə