Bakıda MilliMUN konfransının açılış mərasimi keçirilib - FOTOLAR

Bu gün Bakıda MilliMUN - BMT Modeli üzrə Milli Konfransın açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, dekabrın 21-dək davam edəcək konfransın açılışında Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, nazir müavini İntiqam Babayev, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və təşkilatın İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai, təhsil nazirinin müavini Ceyhun Bayramov, Milli Məclisin Gənclər və idman komistəsinin sədri Fuad Muradov, Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və digər rəsmilər iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra nazir A.Rəhimov çıxış edərək tədbirin əhəmiyyəti barədə danışıb. O qeyd edib ki, BMT Modeli hərəkatı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 mart 2014-cü il tarixli 348 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Höküməti ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni platformalar yaradılması haqqında” imzalanmış layihə çərçivəsində formalaşıb.

Nazir vurğulayıb ki, BMT Modeli hərəkatının genişlənməsi istiqamətində bir sıra işlər görülüb: "İlk dəfə Azərbaycanda MilliMUN konfransı 2016-cı ilin 20-23 fevralında 350 gəncin iştirakı ilə keçirilib. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 30 gənc dünyanın ən qabaqcıl şəhərlərində bu konfranslarda iştirak ediblər. Ali təhsil müəssisələrində BMT Modeli haqqında təqdimatlar keçirilib, MUN klubları yaradılıb, universitet səviyyəsində və universitetlərarası konfranslar təşkil edilib, sosial media şəbəkələri və kütləvi informasiya vasitələrində müvafiq təbliğat işi aparılıb. BMT Modeli hərəkatının dəstəklənməsi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına daxil edilib".

Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Y.Məmmədəliyev belə konfransların Azərbaycan gəncliyinin inkişafında mühüm rol oynadığını bildirib. O, Azərbaycan gənclərinin beynəlxalq layihələrdə və konfranslarda fəal iştirak etdiyini vurğulayıb. Ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən söz açan Y.Məmmədəliyev Azərbaycan gənclərinin bu tədbirdə də yüksək səviyyədə iştirak edəcəyinə əminliyini ifadə edib. O, konfransın işinə uğurlar arzulayıb.

Daha sonra digər rəsmilər çıxış ediblər.

Açılış mərasimində bildirilib ki, konfrans çərçivəsində Birləşmiş Millətlər Təşkilatının 3 komitəsinin işi simulyasiya ediləcək. 20-dən çox universitet, akademiya və məktəbləri təmsil edən 250 nəfər gəncin diplomat qismində iştirak etdiyi tədbirdə "BMT Təhlükəsizlik Şurası - Myanmardakı vəziyyət", "Dünya Bankı - Kriptoməzənnənin statusu: perspektivlər və risklər", "Dünya Səhiyyə Təşkilatı - İqlim dəyişikliyinin insan sağlamlığına təsiri" mövzuları müzakirə ediləcək.

Qeyd edək ki, bütün iştirakçılar seçim, müsahibə və təlim mərhələlərindən keçiblər.

Konfransda hər komitənin “Ən yaxşı nümayəndə”, “Ən yaxşı nümayəndə heyəti”, “Ən yaxşı mövqe sənədi” və “Ən yaxşı debatçı”sı seçiləcək. Qaliblər təşkilatçılar tərəfindən sertifikat və dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar.

Nəzərinizə çatdıraq ki, BMT Modeli gənclərə diplomatiya və əməkdaşlıq dünyasını təsvir edən BMT Baş Assambleyası, BMT Təhlükəsizlik Şurası və digər BMT qurumlarının real həyat simulyasiyasıdır. BMT Modelində gənclər təşkilatın gündəliyindəki cari məsələlər üzrə müzakirələr və seçilən mövzu üzrə mövcud problemləri həll etmək üçün tərəfdaşlar və rəqiblərlə danışıqlar aparır və qətnamə qəbul etməyə çalışırlar. Belə ki, BMT Modeli iştirakçılara öz şəxsi və iş bacarıqlarını artırmağa imkan verən bir vasitədir. BMT Modeli ilə məşğul olan zaman gənclər xarici dil, danışıq, təqdimat, əlaqə, rəsmi yazı və ünsiyyət bacarıqlarını inkişaf etdirir, Birləşmiş Millətlər Təşkilatına daxil olan qurumlar və ölkələr haqqında, həmçinin müzakirə edilən mövzular barədə olan biliklərini təkmilləşdirirlər.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə