Azərbaycanlı şagird karate üzrə beynəlxalq turnirin qalibi olub

Gənc İstedadlar Liseyinin şagirdi Orxan Musayev İstanbulda karatenin WKF versiyası üzrə keçirilən VI “Turkish Open” beynəlxalq turnirinin qalibi olub. Mötəbər turnirdə 45 kiloqram çəki dərəcəsində mübarizə aparan Orxan Musayev finala gedən yolda üç rəqibinə qalib gəlib. Həlledici görüşdə yerli idmançı üzərində qələbə qazanan Orxan turnirin qızıl medalına sahib olub.

Balaca Orxan qələbə sevincini bölüşərkən yarışa ciddi hazırlaşdığını vurğulayaraq deyib: “Məşqçilərim Əli Rəcəbova və Orxan Şabanova dərin təşəkkürümü bildirirəm. Öz üzərimdə daim çalışıb bundan sonra da ailəmi və məşqçilərimi yeni qələbələrimlə sevindirəcəyəm. Qarşıda məni daha ciddi sınaqlar gözləyir. Ümid edirəm ki, karyeramda qızıl medallarımın sayı çox olacaq”.

Qeyd edək ki, Orxan karatenin WKF versiyası üzrə noyabrda Bakıda keçirilən dünya kuboku yarışlarında da qızıl medala sahib olub.

Bütün xəbərlər Facebook səhifəmizdə