Prezident Kuboku uğrunda yarışların final mərhələsi Bakıda keçiriləcək

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF), Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə dekabrın 17-23-də çövkən milli atüstü oyunu üzrə Prezident Kuboku uğrunda yarış keçiriləcək. Azərbaycanın müxtəlif regionlarını təmsil edən 13 komandanın iştirak edəcəyi turnirin ilk təsnifat mərhələsinin görüşləri dekabrın 17-20-də Şəki Respublika Atçılıq Turizm Mərkəzində oynanılacaq. İlkin təsnifat mərhələsinin nəticələrinə əsasən dörd ən güclü komanda turnirin final mərhələsində iştirak etmək üçün Bakıya yollanacaq.

Final mərhələsi Bakıda, Binə Atçılıq Mərkəzinin qapalı manejində keçiriləcək.

Dekabrın 22-də yarımfinal, dekabrın 23-də isə üçüncü yer uğrunda görüşlər və final qarşılaşması təşkil ediləcək.

Çempion olacaq komanda Azərbaycanda 2017-ci ilin ən güclü çövkən yığması və Prezident Kubokunun qalibi adını qazanacaq.

Qalib komandaların üzvlərinə ARAF tərəfindən kubok və medallar təqdim ediləcək.

Kubokun ümumi mükafat fondu 50 min manatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə