Futbol üzrə Azərbaycan kuboku yarışlarının dörddəbir final mərhələsinin üçüncü cavab oyunu keçirilib. “Bayıl Arena”da baş hakim İnqilab Babayevin idarə etdiyi matçda “Səbail” klubu “Qəbələ”ni qəbul edib.

Görüşdə hesabı meydan sahibləri açıblar. Matçın 16-cı dəqiqəsində Adrian Popoviçi hədəfi dəqiq nişan alıb. Oyunun 22-ci dəqiqəsində Filip Ozobiç tarazlığı bərpa edib. İlk hissənin 44-cü dəqiqəsində Ruslan Qurbanov “Qəbələ”ni hesabda önə çıxarıb – 2:1. Komandalar fasiləyə bu hesabla yollanıblar.

Görüşün 56-cı dəqiqəsində “Qəbələ”nin futbolçusu Famussa Kone hesab arasındakı fərqi iki topa çatdırıb – 3:1. Matçın 75-ci dəqiqəsində Baqali Dabo dördüncü qolu meydan sahiblərinin qapısından keçirib. Bu qoldan üç dəqiqə sonra Elman Taqayev hesab arasındakı fərqi yenidən iki topa endirib. Oyun “Qəbələ”nin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

İlk oyunda da 1:0 hesabı ilə qalib gələn “Qəbələ” klubu iki oyunun nəticəsinə görə yarımfinala vəsiqəni təmin edib.

Bütün xəbərlər Facebook səhifəmizdə