"Kəpəz”in qış hazırlıq proqramı müəyyənləşib

Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən "Kəpəz” komandasının qış hazırlıq proqramı müəyyənləşib. SİA-nın məlumatına görə, istirahətə buraxılan kollektiv 2018-ci il yanvarın 5-də Bakıda bir araya gələrək tibbi müayinədən keçəcək.

Futbolçular ayın 7-də baş məşqçinin sərəncamında olacaqlar. Yanvarın 8-dən isə "sarı-göylər” gündə iki dəfə olmaqla təlim-məşq toplanışına start verəcəklər. Ayın 13-nə kimi komanda "Dalğa Arena”da məskunlaşacaq. Daha iki gün isə futbolçular Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlıq keçəcək.

"Kəpəz”in üzvləri yanvarın 16-da istirahət edəcəklər. Bir gün sonra isə komanda Türkiyəyə yollanmaq üçün Heydər Əliyev adına Beynəlxalq Hava Limanında toplaşacaq. "Kəpəz” hazırlığın bundan sonrakı hissəsini Antalyada davam etdirəcək. Gəncə klubu fevralın 2-dək qardaş ölkədə olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə