Güləş üzrə Azərbaycan çempionatı yeni qaydalarla keçirilir

Dekabrın 14-də Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatına start verilib. SİA xəbər verir ki, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışlarda 18 yaşı tamam olan, 1999-cu il təvəllüdlü və daha yuxarı yaşlı idmançılar iştirak edirlər. Şəxsi xarakterli yarışlarda idman cəmiyyət, klub və təşkilatlarının, şəhər və rayon yığma komandalarının heyətində çıxış edən idmançılar mübarizə aparırlar.

Dünya Güləş Birliyinin qaydalarına əsasən keçiriləcək yarışlar Azərbaycan Güləş Federasiyası Hakimlər Kollegiyasının təyin etdiyi hakimlər tərəfindən idarə olunur. Sərbəst güləşçilər 57, 61, 65, 70, 74, 79, 86, 92, 97 və 125 kq-dək, yunan-Roma güləşçiləri isə 55, 60, 63, 67, 72, 77, 82, 87, 97 və 130 kq-dək çəki dərəcələrində qüvvələrini sınayırlar.

Azərbaycan çempionatı bu il yeniyetmə güləşçilərin qitə və dünya birinciliklərində sınaqdan keçirilən və ikigünlük yarış proqramı üzrə təklif olunan yeni qaydalara uyğun keçirilir.

Çəki dərəcələri üzrə ilk üç yeri tutan idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif ediləcəklər. Onlar, həmçinin milli komandamızın heyətinə cəlb ediləcək və il ərzində komandanın iştirak edəcəyi beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək imkanı qazanacaqlar.

Azərbaycan çempionatına dekabrın 18-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə