Boks üzrə Naxçıvan şəhər açıq birinciliyinə yekun vurulub

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə yeniyetmə və gənclər arasında keçirilən boks üzrə Naxçıvan şəhər açıq birinciliyi başa çatıb.

Naxçıvan Muxtar Respublikası Boks Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 22 çəki dərəcəsində 60 idmançı qüvvəsini sınayıb. Beynəlxalq Boks Federasiyasının qaydalarına əsasən keçirilən yarışda Naxçıvan şəhərinin dəri əlcək ustaları ilə yanaşı, Babək rayon idmançıları da iştirak ediblər.

Gərgin mübarizə şəraitində keçən birincilikdə Murad Tağıyev, Ayxan Heydərov, Hüseyn Məmmədov, Fəxrəddin Əliyev, Amal Qasımov, Ruhin Ağamalıyev, Xəyal Musayev, Nizami Novruzov, Hüseyn Hüseynov, Pünhan Səmədov, Ülvi Süleymanov, Səfər Tağıyev, Cavid Hüseynov, Ayxan Süleymanov, Nadir Cəfərov, Rəşid Sadıqov, Xəyal Quliyev, Əli Vəliyev, Əbülfəz Xəlilli, Əlvan Cəfərov, Əlirza Mayıllı və Sərvər Abdullayev bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olublar.

Sonda qalib idmançılar təşkilatçıların diplomları ilə mükafatlandırılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə