Namiq Abdullayev: "Ulu Öndər idmançılara həmişə qayğı ilə yanaşıb" - AÇIQLAMA

"Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bütün dünyaya nümunə ola biləcək idman siyasətini bu gün Onun layiqli varisi Prezident İlham Əliyev uğurla davam etdirir. Bu uzaqgörən siyasətin nəticəsidir ki, bu gün Azərbaycan irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi edir". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Namiq Abdullayev deyib.

Ümummilli Lider ilə görüşündən danışan Namiq Abdullayev Ulu Öndərin həmişə idmançılara qayğı ilə yanaşdığını və onların sosial şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atdığını diqqətə çatdırıb.

O bildirib ki, Ulu Öndər Heydər Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət 1997-ci ildən mühüm mərhələyə qədəm qoyub. Rəhbərlik etdiyi bütün sahələrdə uğurlara imza atan İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi Azərbaycan idmanının həyatında mühüm və əlamətdar hadisə kimi tarixə yazılıb. Bu tarixi seçim Ümummilli Lider Heydər Əliyevin respublikada idmanın inkişafı ilə bağlı ideyalarının daha sürətlə gerçəkləşməsini təmin edib, idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə reallığa çevrilməsinə böyük imkanlar açıb. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ölkədə idmanın inkişafı daha da sürətlənib.

“Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətindən birinə çevrilib. Çox qısa zamanda həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq idmançılarımız möhtəşəm qələbələrə imza atıblar. İlk dəfə 1996-cı il Atlanta Olimpiadasında 23 idmançı ilə iştirak edən Azərbaycanın 197 ölkə arasında 61-ci yeri tutması idmanımızın beynəlxalq Olimpiya hərəkatında ilk nailiyyəti olub”, - deyə Namiq Abdullayev əlavə edib.

O vurğulayıb ki, dövlətin idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılıb. Ümummilli Lider Azərbaycanın hər yerində idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən infrastrukturun formalaşdırılmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdi.

Namiq Abdullayev deyib: “Ölkəmizin qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlər beynəlxalq qurumların diqqətindən yayınmayıb. Məhz beynəlxalq idman təşkilatlarının istəyi ilə ölkəmizdə onlarla Olimpiya lisenziyalı beynəlxalq turnir, mötəbər yarış, dünya və Avropa çempionatları keçirilib”. //AZƏRTAC

Bütün xəbərlər Facebook səhifəmizdə