Xidmət əməkdaşları dünya kubokunun qalibləri olub

Penitensiar xidmətin əməkdaşları dəfələrlə bir çox nüfuzlu beynəlxalq idman yarışlarında uğurla çıxış edərək, qalib və mükafatçı olublar. SİA-nın verdiyi məlumata görə, bu yaxınlarda Xidmətin əməkdaşları ölkəmizdə keçirilmiş daha bir mötəbər beynəlxalq idman turnirində iştirak ediblər.

Belə ki, 30 noyabr – 4 dekabr 2017-ci il tarixlərdə Bakı Əl Oyunları İdman Sarayında BUDO döyüş növləri üzrə keçirilmiş və 12 ölkədən olan idmançıların iştirak etdiyi idman yarışlarında Mühafizə alayının 3 əməkdaşı müxtəlif çəki dərəcələrində dünya kubokunun və dünya kəmərinin sahibi olublar.

100 kiloqram çəki dərəcəsində yarışan əməkdaşımız, Mühafizə alayının Qərargahının tərbiyə işləri üzrə qrup rəisi ədliyyə baş leytenantı Tural Rəfiyev iştirak etdiyi yarışlarda bütün rəqiblərinə qalib gələrək Sanda versiyası üzrə dünya kubokunun və B1 versiyası üzrə dünya kəmərinin sahibi olub.

Digər əməkdaşımız, Mühafizə alayının 12-ci atıcı bölüyünün komandir müavini ədliyyə baş leytenantı Həbib Məcnuni Sanda versiyası üzrə 75 kiloqram çəki dərəcəsində rəqiblərindən üstün olaraq dünya kubokunu qazanıb.

Mühafizə alayının 9-cu atıcı bölüyünün komandirinin tərbiyə işləri üzrə müavini ədliyyə baş leytenantı Arzuman Qədimov kikboksinq versiyasında qatıldığı yarışın 65 kiloqram çəki dərəcəsində qalibi olaraq dünya kubokuna sahib olub.

Həmkarlarımızı qazandıqları uğurlara görə təbrik edirik.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə