“Neftçi”nin qələbəyə layiq oyunu - ŞƏRH - VİDEO

Xəbər verdiyimiz kimi, futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Neftçi” “Zirə” ilə ilk oyuna çıxıb. SİA-nın məlumatına görə, Zirə İdman Kompleksinin stadionunda keçirilən matçı İnqilab Məmmədov idarə edib. Ona Yaşar Abbasov, Nahid Əliyev və Orxan Məmmədov kömək ediblər.

“Neftçi”nin ilk “11”liyində Rəşad Əzizli, Məhəmməd Mirzəbəyov, Anton Krivotsyuk, Ruslan Abışov (k), Rəşad Sadiqov, Derlis Meza Kolli, Emin Mahmudov, Namiq Ələsgərov, Rəhman Hacıyev, Fəhmin Muradbəyli və Mirabdulla Abbasov yer alıb.

Ehtiyat oyunçular skamyasında Maksim Vaylo, Məqsəd İsayev, Mateo Mujek, Ömər Buludov, Tərzin Cahangirov, Elnur Süleymanov, Pavel Dreksa, İqnasio Herrera və Uqo Barqas gözləyib.

“Zirə”nin start heyətində Kamal Bayramov (k), Vüqar Mustafayev, Adil Nağıyev, Sadio Tounkara, Milan Duriç, Aleksandr Şemonayev, Yovan Krneta, Təmkin Xəlilzadə, İlkin Muradov, Sadiq Quliyev və Riçard Qadze meydana çıxıb.

Ehtiyatda isə Abdulla Seyidəhmədov, David Manqa, Orxan Əliyev, Viktor İqbekoyi, Vüsal İsgəndərli, Elgün Nəbiyev, Kənan Zülfüqarov, Yusif Nəbiyev, Milad Bayramov və Nicat Qurbanov baş məşqçinin şans verməsini gözləyib.

Tərlan Əhmədovun baş məşqçi təyin edilməsindən sonra ardıcıl qələbələr qazanan “Neftçi” oyun tərzində və keyfiyyətindəki irəliləyişlə çempionatdakı bütün komandalara ciddi baş ağrısı olub. Komanda “Zirə” ilə bu matçda da qələbə qazanmağa layiq oyun göstərdi. Belə ki, Tərlan Əhmədovun yetirmələri bütün qarşılaşma ərzində topa nəzarət etdilər. Hücum futbolu oynayan flaqman çempionatda lider komandalardan olan “Zirə”ni Kubokda böyük təzyiqlə üz-üzə qoydu. Belə ki, qəsəbə təmsilçisi “Neftçi”nin hücumlarının qarşısını almaq üçün müdafiədə oynamağa məcbur oldu. Hər iki komandanın qol şansı olsa da, “Neftçi”nin daha üstün olduğu açıq şəkildə görsənirdi. “Neftçi” dəfələrlə real qol vəziyyəti yaratsa da, idman xoşbəxtliyi “Zirə”nin tərəfində oldu. Gah futbolçuların son anda dəqiqliyi, gah qapı tiri, gah da rəqib qapıçı Kamal Bayramovun reaksiyası “Neftçi”nin son nöqtəni qoymasına mane oldu. Bunun əvəzində isə matçın sonlarına yaxın (86-cı dəqiqə) qəsəbə təmsilçisinin futbolçusu David Manqanın uzaqdan vurduğu top qolla nəticələndi.

Nəticə “Zirə”nin xeyrinə olsa da, oyun ümumilikdə “Neftçi”nin üstünlüyü ilə keçdi. “Neftçi”nin belə əzmkar oyunundan sonra "Bakcell Arena”da keçiriləcək cavab qarşılaşmasında flaqmanın növbəti mərhələyə vəsiqə qazancağına inam daha da çoxaldı.

Onu da qeyd eədk ki, “Zirə” - “Neftçi” qarşılaşmasından sonra flaqmanın baş məşqçisi Tərlan Əhmədov da komandasının qələbəyə layiq oyun göstərdiyini bildirdi: “Komandamız, demək olar, 90 dəqiqə ərzində topa nəzarət etməyi bacardı. Hücumda oynadıq, təzyiq göstərdik ki, rəqib meydanın özünə aid hissəsindən çıxa bilməsin, amma bir qolumuz çatmadı. "Zirə” əks-hücumlarda oynayırdı, qol vurandan sonra isə daha da müdafiəyə qapandı ki, bu da istədiyimizi almağa mane oldu. Bununla belə, cütün taleyi cavab oyununda həll olunacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə