"Əgər “Neftçi” ardıcıl 4 qələbə qazanıbsa, deməli onlarda böyük dəyişiklik olub"

“Keşlə” klubunun baş məşqçisi Ramiz Məmmədovun apasport.az saytına müsahibəsi

- Premyer Liqanın XIII turu çərçivəsində sabah “Neftçi”nin qonağı olacaqsınız. Komanda matça necə hazırlaşır?

- Bundan əvvəlki matçlarda olduğu kimi, “Neftçi” ilə görüşə də ciddi hazırlaşırıq. Yalnız 3 xal üçün meydana çıxacağıq. Düzdü, zədəli futbolçularımız var. Ancaq həm ayrı-ayrılıqda, həm də ümumi komanda şəklində oturub, düşdüyümüz vəziyyətdən çıxmaq üçün yollar axtarmışıq. Uşaqların hamısını yumruq kimi birləşdirib, bir hədəfə vurmağa kökləmişik.

- Zədəlilərin son durumu nə yerdədi?

- Komandanı düşdüyü qırğın vəziyyətdən, “qara zolaq”dan çıxarmaq üçün ağrıkəsici iynənin köməkliyi ilə də olsa, futbolçuların hamısı oyuna hazır olacaq. Bütün heyət bir nəfər kimi, görüşə köklənib.

- “Neftçi” Tərlan Əhmədovun rəhbərliyi altında ardıcıl 4 qələbənin ardından son 2 görüşdə məğlub olub. Bu amil sizin üçün müsbət, yoxsa mənfi haldı?

- Mən bunu müsbət hal saymazdım. Heç bir komandamıza uğursuz seriyaya düşməyi arzulamaram. Məşqçi üçün çox çətindi. Sabah güclü kim olacaqsa, Allah da onun tərəfində olsun. Əgər “Neftçi” ardıcıl 4 qələbə qazanıbsa, deməli, onlarda böyük dəyişiklik olub. Tərlan Əhmədovun gəlişindən sonra çox yaxşı çıxış edirlər. Ancaq uşaqları təzyiq altında saxlamaq istəmirəm. Sıradan bir oyun kimi hazırlaşırıq. Onların düşdüyü vəziyyəti də başa düşürük. Amma bu, bizim üçün stimul deyil. Meydana çıxıb, öz oyunumuzu göstərməliyik.

- “Keşlə” sizin rəhbərliyiniz altında artıq 2 oyun keçirib. Baş məşqçi postuna təyinatınızdan bəri hansı dəyişikliklərə nail olmusunuz?

- Uşaqlarda, həqiqətən də, dəyişiklik var. Məndən əvvəlki baş məşqçi Zaur Svanadzeyə xidmətinə görə, rəhbərlik təşəkkür edib. Kiminsə işinə kölgə salmaq mənim xasiyyətimə uyğun deyil. Hərənin öz dəst-xətti var. Sadəcə, sistemdə bir az dəyişiklik etmişik. Həmçinin futbolçuların fiziki durumu müəyyən dərəcədə düzəlib, komandada döyüşkənlik artıb. Hər hansı bir məşqçinin taktiki sistemi dəyişməsi və komandanı buna uyğunlaşdırması zaman tələb edir. Hazırlığımız bu yöndə davam edir. İnkişafla bağlı suala isə mütəxəssislər cavab versələr, daha yaxşı olar.

- Son iki turu “Neftçi” və sabiq komandanız “Qəbələ”yə qarşı keçirəcəksiniz. İli necə başa vura biləcəksiniz?

- Hər iki oyunda yalnız qələbə qazanmaq haqda düşünürük. Mənim futbol fəlsəfəmdə ev-səfər oyunu yoxdu. Biz matçlarımızı Azərbaycanın sərhədləri daxilində keçiririk. Qəbələ də, Bakı da, Sumqayıt da bizim evimizdi. Bizdə səfər oyunu anlayışı yoxdu. Hər iki qarşılaşmada qələbə qazanmaq barədə düşünürük ki, komanda “qara zolaq”dan çıxsın. İnanıram ki, bunu bacaracağıq.

- Transfer çalışmalarına başlamısınızmı?

- Açığı, yalnız qarşıdakı oyunlara köklənmişik. Ondan sonra bu məsələyə baxmaq olar. Düzdü, qış fasiləsində transfer dönəmi qısa çəkir. Yayda oyunçu seçimi daha rahat olur. İndi bir qədər çətin durumdu. Buna baxmayaraq, lazım olan mövqelərə oyunçular axtarılacaq. Ümid edirəm ki, boşluqlar qış fasiləsində doldurulacaq. Ancaq tam səmimi deyirəm ki, heç bir futbolçu ilə danışıq aparmamışam və belə bir fikrim də yoxdu. Qış fasiləsində ehtiyac olsa, klub rəhbərliyinin göstərişindən sonra transfer çalışmaları həyata keçəcək.

- Bəs qış fasiləsindən sonra sizi komandanın “sükanı arxası”nda görəcəyik?

- Bunu zaman göstərəcək. Klub rəhbərliyinin etimadını doğrultmaq lazımdı. Məncə, bu barədə danışmaq üçün hələ tezdi. Mənim qarşıma qoyulan konkret tapşırıq 4 oyundan üzüağ çıxmaqdı. Qarşıdakı matçlardan sonra yəqin ki, bir qərar qəbul olunar.

- Ukraynalı mütəxəssis Yuri Maksimovun yerli klublardan biri ilə danışıq aparmaq üçün Azərbaycana gəldiyi bildirilir. Həmin komanda bəlkə elə “Keşlə”di?

- Bu məsələdə son sözü klub rəhbərliyi deyir. Kiminlə davam etmək lazım olduğuna onlar qərar verəcək. Bizim də üzərimizə düşən verilən qərara hörmətlə yanaşmaqdı.

Bütün xəbərlər Facebook səhifəmizdə