Sərxan Həşimov Avropa çempionatında "Microsoft Europe" komandasına başçılıq edəcək

Parisdə korporasiyalar arasında şahmat üzrə ilk Avropa çempionatı keçiriləcək. Şahmatın rapid növü üzrə yarış Avropa Şahmat İttifaqının himayəsi altında keçirilir.

“Synergy Partnership”dən SİA-ya verilən məlumata görə, turnirin iştirakçıları arasında azərbaycanlı beynəlxalq usta Sərxan Həşimovun başçılıq etdiyi “Microsoft Europe” komandası da olacaq.

“Microsoft Europe” şirkətinin Azərbaycan üzrə baş direktoru olan S.Həşimov birinci lövhə arxasında oynayacaq. Komandanın heyətində ikinci lövhədə digər Azərbaycan nümayəndəsi beynəlxalq qrossmeyster İlahə Qədimova çıxış edəcək. “Microsoft Europe” komandasının üzvləri arasında Danimarka, Polşa, Yunanıstan və Fransa nümayəndələri də var.

50-dən çox korporasiyanın nümayəndələrinin iştirakı ilə keçiriləcək Avropa çempionatı noyabrın 24-də başlanacaq və iki gün davam edəcək.

Turnirin ümumi mükafat fondu 6.000 avroya bərabərdir. Bu məbləğin 3.000 avrosu turnirin qalibinə, 2.000 avrosu isə ikinci yerin sahibinə çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə