AzVİF rəsmisi: “BMX Racing” azarkeşləri cənab Prezidentin Sərəncamını böyük maraqla qarşıladılar” - AÇIQLAMA

Məlum olduğu kimi, 2018-ci ilin 5-9 iyun tarixlərində velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatı Bakı şəhərində keçiriləcək. SİA-nın məlumatına görə, ölkəmiz bu mötəbər yarışın hazırlığını yüksək səviyyədə həyata keçirir.

Qeyd edək ki, velosiped idmanının “BMX Racing” növü digər növlərlə müqayisədə kifayət qədər gəncdir. Bu idman növü 1970-ci illərdə Amerika Birləşmiş Ştatlarında (ABŞ) yaradılıb. Əvvəllər “BMX Racing” əyləncə üçün nəzərdə tutulsa da, getdikcə populyarlaşıb. Öncə bu sahə üzrə federasiya yaradılıb və ardınca Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) sözügedən növü öz sıralarına qəbul edib. “BMX Racing”ə maraq o qədər çox olub ki, bu növ 2008-ci ildə Pekində keçirilən Yay Olimpiya Oyunlarının proqramına daxil edilib.

Azərbaycanda isə “BMX Racing” 2015-ci ildən inkişaf etməyə başlayıb. “Bakı-2015” ilk Avropa Oyunlarında idmançılar velosiped idmanının şosse, dağ velosipedi növləri ilə yanaşı, BMX növü üzrə də mübarizə aparıblar. Bakıdakı velopark ərazisində BMX veloparkı tikilib istifadə verilib. 2015-ci ilin may ayında Azərbaycan Prezidenti İlham Əliyev həmin arenaya gələrək oranın açılışını edib.

Azərbaycan tamaşaçısı da ilk dəfə olaraq “Bakı-2015”də bu növlə əyani tanış olub.

Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) mətbuat xidmətinin rəhbəri Pərviz Musayev SİA-ya açıqlamasında bildirib ki, məhz “Bakı-2015” ilk Avropa Oyunları zamanı UCI rəhbərliyi buradakı şərait və arenadan o qədər razı qalıb ki, 2018-ci ilin dünya çempionatının keçirilməsi hüququnun məhz Azərbaycana verilməsini təklif edib: “Bu təklif federasiya tərəfindən aidiyyatı orqanlara məruzə olundu və müsbət cavab verildi. 2016-cı ildə artıq tam olaraq rəsmiləşdi ki, 2018-ci ildə dünya çempionatı Azərbaycanda keçiriləcək. UCİ isə bu yarışı təqvim planına saldı”.

Federasiya rəsmisi vurğulayıb ki, hazırda dünyada UCI-nin yeni standartlarına cavab verən yeganə arena Bakıdadır: “UCI BMX yarışlarının keçirildiyi arenaların standartlarında yeni dəyişikliklər etdi. Buna görə, 2018-ci il dünya çempionatı üçün Bakıdakı BMX veloparkının əsas mübarizə meydanı söküldü və yenidən inşa olundu. Trekin uzunluğu 390 metrə çatdırlıdı, təpəciklərin sayı artırıldı, döngələrin eni isə 4 metrə qədər yüksəldildi. Digər ölkələrdə də bu istiqamətdə işlər görüləcək. Ancaq bunu ilk olaraq Azərbaycan həyata keçirdi. ABŞ-da 2017-ci ilin dünya çempionatı UCI-nin köhnə standartlarına malik yarış trekində təşkil olundu. Yəni, Bakıdakı yarış yeni standartlara malik trekdə ilk dünya çempionatı olacaq”.

Maraq üçün bildirək ki, ABŞ 2019-cu ilin dünya çempioatının təşkilatçılıq hüququna da sahib olub.

P.Musayev “BMX Racing”in dünyada azarkeşlər tərəfindən ən çox maraq göstərilən idman növlərindən olduğunu deyib: “Bakı-2015” ilk Avropa Oyunlarında biletlər “online” qaydada da satışa çıxarılmışdı. Oyunlarda ən tez biletləri satılıb qurtaran idman növü məhz BMX olmuşdu. Bu, olduqca populyar idman növüdür. Dünya çempionatında gənclər və elit kateqoriyaları ilə yanaşı, uşaqlar kateqoriyasında da yarışlar keçirilir. Azərbaycanda gənclər və elit kateqoriyaları arasında yarış 5-9 iyun, kiçik yaşlı uşaqlar arasında isə 3-4 iyun tarixlərində təşkil ediləcək. Trekdə elit və daha aşağı kateqoriya üçün iki start nöqtəsi var.

Bu il ABŞ-da təşkil olunan dünya çempionatına ümumilikdə 40 minə yaxın insan gəlib. Orada yalnız idmançıların sayı 4 minə yaxın olub.

Bakıdakı dünya çempionatına da xeyli sayda insanın gələcəyi gözlənilir. İlkin məlumata görə BMX veloparkında 3500 nəfərlik tribunanın quraşdırılması nəzərdə tutulur.

Biletlər online qaydada da satışa çıxarılacaq ki, xarici azarkeşlər onları əldə edib yarışa tamaşa edə bilsinlər”.

Onun sözlərinə görə, sözügedən dünya çempionatı hər şeydən öncə Azərbaycanın təbliği, turizm potensialının daha da artması, ölkəmizin iqtisadiyyatına dəstək baxımından önəmlidir. P.Musayev vurğulayıb ki, dövlət başçımız İlham Əlievin “BMX Racing” növü üzrə dünya çempionatının 2018-ci ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncamı federasiya rəhbərliyi tərəfindən böyük sevinclə qarşılanıb: “Bu amil göstərir ki, dünya çempionatının təşkili ölkə rəhbərliyinin diqqətindədir. Sərəncamdan da bəlli olur ki, dünya çempionatına hazırlıq çox yüksək səviyyədə aparılacaq. Artıq işlər başlayıb. Əminəm ki, bu dünya çempionatı indiyədək keçirilən çempionatlar arasında ən yaxşılardan olacaq. Prezident İlham Əliyevin Səracamının ingilis dilində tərcüməsi də sosial şəbəkələrdə yerləşdirilib. Ayrı-ayrı ölkələrdən “BMX Racing”in həvəskarları, azarkeşlər, müxtəlif ölkələrin federasiyalarının nümayəndələri cənab Prezidentin Sərəncamını böyük maraqla qarşıladılar. Onlar qeyd edirlər ki, Prezidentin sözügedən sənədi imzalaması sübut edir ki, Azərbaycan bu yarışa böyük dərəcədə ciddi önəm verir. Sərəncam Bakıya gəlmək istəyən bütün azarkeşlərdə yarışın necə yüksək səviyyədə keçiriləcəyinə əminlik yaradır. Ölkəmizdə olmuş və bura haqqında informasiyaları olan azarkeşlər sosial şəbəkələrdə yazırlar ki, Azərbaycan təhlükəsiz, inkişaf etmiş ölkədir və burada yarışlar yüksək səviyyədə keçirilir”.

Qeyd edək ki, bir müddət əvvəl Bakıda dünya çempionatının sınaq yarışı keçirilib. Yarışda bu növ üzrə dünyanın ən tanınmış ölkələri böyük heyətlə iştirak ediblər. Qonaqlar şəhərimizin və BMX veloparkının mükəmməl olduğunu bildiriblər. Bir çox ölkələr razılıq əldə ediblər ki, gələn il dünya çempionatından öncə mart-aprel aylarında Bakıya təlim-məşq toplanışına gəlsinlər. Bu isə dünya çempionatında böyük maraq və gərgin idman mübarizəsinin olacağından xəbər verir.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə