Niko Hülkenberq: “Böyük maliyyə itkisi ola bilər” - AÇIQLAMA

2017-ci il Formula 1 mövsümünü ilk beşlikdə tamamlamağı hədəflədiyi halda “Renault” komandası gözləntilərdən daha pis yarışıb. SİA-nın məlumatına görə, komanda çempionatın bitməsinə bir yarış qalmış yeddinci sırada qərarlaşıb. “Renault”un riyazi anlamda beşinci olmaq şansı qalsa da, bunu gerçəkləşdirmək üçün fransız heyətin möcüzəyə ehtiyacı var.

Bu həftəsonu keçiriləcək Abu-Dabi Qran Prisində komandanın altıncı olmaq şansı isə daha realdır. Hazırda altıncı sırada 53 xalla “Toro Rosso” komandası yer alır. “Renault”un 49, “Haas”ın isə 47 xalı var.

Cari çempionatda komandasına 35 xal qazandıran Niko Hülkenberq nəticəyə baxmayaraq Braziliya Qran Prisindən razı qaldığını bildirib: “Əlbəttə, 1 xal bizim üçün yetərli deyil. Həftəsonu daha çox xal əldə etmək istəyirdik. Ancaq son həftələrdəki problemlərin ardından risk etmək istəmədik. Daha mühafizəkar seçim etdik və motorda problemlər olmamasına çalışdıq. Ancaq bundan yaxşı nəticələr əldə edə bilərdik. Bu həftəsonu mövsümün son yarışı keçiriləcək. Altıncı olmaq üçün şansımız var. Bu, bizim çox önəmlidir. Böyük maliyyə itkisi ola bilər və ya gəlir əldə edə bilərik. Güman ki, “Toro Rosso” və “Haas”la gərgin mübarizə aparacağıq. Abu-Dabi Qran Prisi bizə daha yaxşı yarışmaq üçün uyğundur. Komandamız xal qazana biləcək iki maşına sahibdir. Məncə, altıncılıq mümkündür”.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə