Azərbaycan çempionatı və Bakı birinciliyinin qalibləri müəyyənləşib - FOTOLAR

Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə açıq Azərbaycan çempionatının və Bakı birinciliyinin, eyni zamanda, akrobatika gimnastikası üzrə ölkə çempionatının birinci gününün qalibləri müəyyənləşib. SİA xəbər verir ki, kişi idman gimnastikası üzrə balalar (2009-2010-cu il təvəllüdlü) kateqoriyasında Hüseyn Xəlilov birinci, David Məmmədov ikinci, Rəsul Azər Acalov isə üçüncü olublar. Kiçiklər (2007-2008) kateqoriyasında Rizvan Tağızadə, Çingiz Vəliyev və Əli Xəlilov fəxri kürsüdə yer alıblar. Balacalar (2006-2007) kateqoriyasında isə Şamxal Əhmədov birinci, Adil Paşayev ikinci yeri tutublar.

Qadın idman gimnastikası üzrə uşaqların (2008-2009) yarışında Məryəm Musayeva, Dəniz Əliyeva, Kristina Osekina müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutublar. Yeniyetmələrin (2007-2008) yarışında Nazənin Teymurova qızıl, Duyğu Məcidzadə gümüş, Fatimə Hüseynli isə bürünc medallar qazanıblar. Gənclərin (2004-2006) mübarizəsində Valeriya Şulyayeva, Milana Minakovskaya, Nuray Məmmədli müvafiq olaraq qızıl, gümüş və bürünc medallara layiq görülüblər.

Qaliblər Azərbaycan Gimnastika Federasiyasının kubok və medalları ilə mükafatlandırılıb.

Xatırladaq ki, iki gün davam edəcək turnirdə ümumilikdə 150-dən çox idmançı çempion adı uğrunda mübarizə aparır. İştirakçılar Bakı Gimnastika Məktəbi, “Ocaq Sport” Klubu, Respublika Olimpiya İdman Liseyi və Sumqayıt şəhərini təmsil edirlər.

Turnirin birinci günündə 2004-cü il təvəllüdlü və daha böyük yaşlı akrobatlar qarışıq cütlüklər, kişi cütlüyü və qadın qrupu yarışlarında güclərini sınayıblar. Həmçinin kişi idman gimnastikası üzrə balalar, kiçiklər və balacalar, qadın idman gimnastikası üzrə isə uşaqlar, yeniyetmələr və gənclər yaş kateqoriyalarında yarışlar keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə