"Panatinaykos" iflas həddinə çatıb

Yunanıstandakı iqtisadi böhran ölkənin məşhur idman klublarından olan "Panatinaykos"u iflas həddinə çatdırıb. SİA-nın məlumatına görə, klub futbolçularına, öz əməkdaşlarına və Yunanıstan Futbol Federasiyasına borclarını ödəyə bilmir. Vəziyyət belə davam edərsə, əmək haqlarını ala bilməyən oyunçuların FİFA-ya şikayət edəcəkləri gözlənilir. Artıq "Panatinaykos" aşağı yaş qrupundan olan 17 gənc futbolçu ilə müqavilə imzalayıb. Bu isə bahalı futbolçuların tədricən əsas komandadan göndəriləcəkləri anlamına gəlir.

Belə vəziyyətdə "Panatinaykos"un çox da seçim imkanı qalmayıb. Yunanıstan mətbuatı növbəti mövsümdən "ağ-yaşıllar"ın Super Liqadan çıxaraq, başqa adla III Liqaya enməsini ən məntiqli seçim kimi göstərir.

"Panatinaykos" 20 qat ölkə çempionu olsa da, sonuncu dəfə qızıl medallara 2009-2010 mövsümündə sahib çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə