“Qəbələ”nin boksçuları Ukraynada qüvvələrini sınayıblar

“Qəbələ” idman klubunun boks komandası beynəlxalq yoldaşlıq görüşündə qüvvəsini sınayıb. SİA-nın məlumatına görə, boksçularımız Ukraynanın Krivoy Roq şəhərində keçirilən görüşdə yerli KB-75 klubunun idmançıları ilə üz-üzə gəliblər.

Gənclər və Tələbələr İdman Sarayında təşkil olunan görüşdən öncə rəqib komandalar bir-birinə xatirə hədiyyələri veriblər.

“Qəbələ” idman klubunun nümayəndə heyətinin rəhbəri Fariz Məmmədov ukraynalıların baş məşqçisi Sergey Krinitskiyə plaket təqdim edib. Həmçinin görüşə qonaq qismində dəvət olunan tanınmış ukraynalı boksçular rinqə çıxıb, iştirakçılara uğurlar arzulayıblar. Azərbaycan və Ukraynanın dövlət himnləri səsləndirildikdən sonra iki komandanın boksçuları güclərini 7 çəki dərəcəsində sınayıblar.

İqor Biletskinin baş hakimi olduğu qarşılaşmalara 56 kiloqram çəki dərəcəsində döyüşlə start verilib. Maksim Fatiçlə görüşən Ümüd Rüstəmov rinqi qalib kimi tərk edib. Növbəti iki qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Timur Bilyak Elvin İsayevi (64 kq), Viktor Petrov Roman Zakirovu (69 kq) məğlub edib. Yetmiş beş kiloqram çəki dərəcəsində yarışan Kamran Şahsuvarlı Taras Qolovaşenkonu üstələyib hesabı bərabərləşdirsə də, sonuncu üç döyüşdə də ukraynalılar seviniblər. Vladimir Skripka Rauf Rəhimova (81 kq), Konstantin Pinçuk Rahil Məmmədliyə (91 kq), İqor Şevadzutski Məhəmmədəli Tahirzadəyə (91 kq-dan yuxarı) qalib gəlib. Beləliklə, KB-75 klubu görüşdən 5:2 hesablı qələbə ilə ayrılıb.

Qarşılaşmadan sonra qaliblərə, həmçinin fərdi fərqlənənlərə mükafatlar təqdim edilib. Boksçumuz Məhəmmədəli Tahirzadə də xüsusi hədiyyəyə layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə