“Odlar yurdu” şahmat komandaları gümüş və bürünc medallar qazanıblar FOTOLAR

Antalyada klub komandaları arasında şahmat üzrə Avropa Kuboku uğrunda son matçlar keçirilib. Bu oyunlardan sonra yarışların qalibləri və mükafatçıları müəyyən olunub. SİA xəbər verir ki, ölkəmizin qadınlardan ibarət “Odlar Yurdu” komandası 2-ci yeri tutaraq gümüş medallara layiq görülüb, kişi şahmatçılarımızdan ibarət “Odlar Yurdu” komandası isə bürünc medallarla kifayətlənməli olub.

Rusiyanın kişilərdən ibarət “Qlobus” komandası (xatırladaq ki, Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov da bu komandanın heyətində çıxış edirdi) 12 xal toplayaraq Avropa klubları kubokunun sahibi olub. Hərəsinin aktivində 11 xal olan Makedoniyanın “Alkaloid”, Azərbaycanın “Odlar yurdu” və Çexiyanın “AVE Nový Bor” komandaları 2-4-cü yerləri bölüşdürüblər. Əlavə göstəricilər nəzərə alınmaqla çempionatın yekun cədvəlində bu komandalar məhz belə ardıcıllıqla yer aldığı üçün “AVE Nový Bor” mükafatçılar sırasından kənarda qalıb.

Bütün distansiya boyunca liderlik edən Azərbaycan klubu sonuncu turda “AVE Nový Bor” komandasına 2,5:3,5 hesabı ilə uduzub. Bu turda Nicat Abbasov Krişnan Saşikirana məğlub olub, qalan 5 partiya (Radoslav Voytaşek - Arkadi Naydiç, Pentala Harikrişna – Rauf Məmmədov, David Navara – Qədir Hüseynov, Markus Raqqe – Eltac Səfərli, Viktor Lazniçka – Azər Mirzəyev) heç-heçə başa çatıb.

Qadınların turnirində liderlik edən “Batumi Chess Club NONA” klubu (Gürcüstan) son turda Rumıniyanın “Cs Studentesc Medicina Timisoara” komandası ilə sülh bağlayıb – 2:2. Nəticədə həmin gün Türkiyənin “Marmara” klubuna 2,5:1,5 hesabı ilə qalib gəlmiş Azərbaycanın “Odlar Yurdu” komandası matç xallarının sayına görə gürcülərə çatıb. Bu turdan sonra həmin kollektivlərin hərəsinin aktivində 11 xal vardı, lakin əlavə göstəricilər nəzərə alınmaqla “Batumi Chess Club NONA” öz rəqiblərindən üstün hesab edilib. “Odlar yurdu” gümüş medallar qazanıb. Ağ fiqurlara oynayan Xanım Balacayeva Ese Özbaya qalib gəlib, qalan partiyaların hamısı (Zeynəb Məmmədyarova – Duru Okuyaz, Ülviyyə Fətəliyeva – Sila Çağlar, Gülnar Məmmədova – Sude Xereklioğlu) heç-heçə başa çatıb.

Rusiyanın “UGRA Chess Club” və Belarusun “Bossa Nova” komandaları bürünc medallar uğrunda mübarizə aparırdı. Yekunda bu komandaların hərəsinin aktivində 10 xal vardı, lakin əlavə göstəricilər nəzərə alınmaqla bürünc medallar Belarusdan olan qadın şahmatçılara qismət oldu.

Turnirin qalibləri və mükafatçıları 7 turun yekunlarına əsasən İsveçrə sistemi üzrə müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə